✍️Vəli Əliyev yazır...“Eşşək nə qanır zəfəran nədir?” — Dəyərin qədrini bilməyənlər haqqında düşüncələr.


Cəmiyyətin mənəvi sütunları yalnız qanunlarla, qaydalarla deyil, insanın daxilində daşıdığı dəyərlərlə qurulur. Yaxşılıq, dostluq, humanizm və fədakarlıq – bunlar söz olaraq sadə səslənsə də, əslində insanın şəxsiyyətini müəyyən edən ən ali keyfiyyətlərdir. Lakin təəssüf ki, hər kəs bu dəyərlərin mahiyyətini dərk edə bilmir. El arasında deyilən “Eşşək nə qanır zəfəran nədir?” atalar sözü də məhz bu həqiqəti kəskin və düşündürücü şəkildə ifadə edir.
Zəfəran – nadir, qiymətli, incə bir nemətdir. Onun ətri də, dadı da xüsusi zövq tələb edir. Amma onu dərk etməyən üçün zəfəranın heç bir mənası yoxdur. Eynilə, yüksək mənəviyyatlı insanın göstərdiyi yaxşılıq, etdiyi fədakarlıq da dəyər bilməyən üçün sadəcə adi bir hərəkətdən başqa bir şey deyil.
Bu gün cəmiyyətimizdə bəzən elə insanlarla qarşılaşırıq ki, onlara nə qədər səmimi yanaşsan, nə qədər kömək etsən də, bunun qarşılığında nə minnətdarlıq görürsən, nə də anlayış. Dostluq adı altında qurulan münasibətlərdə səmimiyyət yox, mənafe hökm sürür. Belə insanlar üçün dostluq – yalnız lazım olanda xatırlanan bir vasitədir. Onlar üçün humanizm – zəiflik, fədakarlıq isə sadəlövhlük kimi qəbul edilir.
Ən acısı isə budur ki, belə “dostlar” insanın yaxşılığını anlayıb qiymətləndirmək əvəzinə, onu istismar etməyə çalışırlar. Sənin ürəkdən etdiyin bir köməyi onlar borc kimi deyil, sanki haqqı kimi qəbul edirlər. Bu isə mənəvi aşınmanın, daxili boşluğun açıq göstəricisidir.
Unutmaq olmaz ki, yaxşılıq anlamaq üçün ürək lazımdır. Dostluq yaşatmaq üçün sədaqət, humanizm üçün vicdan, fədakarlıq üçün isə böyük ruh gərəkdir. Bunlardan məhrum olan insan üçün ən saf münasibətlər belə mənasız görünür. Çünki o, dəyərin nə olduğunu dərk etmir.
Belə insanları qınamaq bəlkə də çətindir, amma onları ideal kimi qəbul etmək daha təhlükəlidir. Cəmiyyət o zaman sağlam olur ki, yaxşı ilə pisin, dəyərli ilə dəyərsiz olanın fərqini ayırd edə bilir. Əks halda, zəfəranın qoxusu belə itər, dəyərsizliyin içində yox olar.
Bu gün hər birimiz özümüzə sual verməliyik: Biz dəyərləri anlayan tərəfdəyik, yoxsa onları dərk etməyənlərin? Yaxşılığı görən gözümüz, dostluğu hiss edən qəlbimiz varmı? Əgər yoxdursa, ən qiymətli münasibətlər belə əlimizdən sürüşüb gedəcək.
Çünki həqiqət dəyişmir:
Dəyəri anlamayan üçün ən böyük yaxşılıq belə heç nədir.
İmam Əli deyib:
"DƏYƏR BİLMƏYƏNƏ DƏYƏR VERMƏK NƏYƏ DƏYƏR?"