✍️ Vəli Əliyev yazır... Naşükürlük tox qarından doğar, şükür isə ac ...


İnsan həyatının ən böyük paradokslarından biri də budur ki, bəzən hər şeyə sahib olanlar daha çox narazı olur, heç nəyi olmayanlar isə bir tikə çörəyə, bir isti sözə, bir damla mərhəmətə görə şükür etməyi bacarırlar. Çünki şükür var-dövlətlə deyil, qəlbin zənginliyi ilə ölçülür. Naşükürlük isə çox zaman toxluğun, rahatlığın və həddindən artıq arxayınlığın övladıdır.
Aclığın nə olduğunu bilən insan çörəyin qədrini bilər. Susuz qalan suyun dəyərini anlayar. Tənha qalan bir salamın istiliyini hiss edər. Həyatın sərt üzünü görənlər, kiçik xoşbəxtliklərdən böyük sevinc çıxarmağı bacarırlar. Amma hər istədiyi ayağına gələn, hər arzusu dərhal gerçəkləşən insanlar zamanla sahib olduqlarını adiləşdirir, sonra isə daha artığını tələb etməyə başlayırlar. Beləcə, qəlbdə minnətdarlıq yox, narazılıq böyüyür.
Bu gün cəmiyyətimizin ən böyük mənəvi problemlərindən biri də məhz budur — insanlar sahib olduqlarına baxmaq əvəzinə, sahib olmadıqlarına kökləniblər. Kimi evindən narazıdır, kimi işindən, kimi taleyindən... Halbuki dünyanın hansısa yerində biri sağlam ayaqları olmadığı halda yeriməyi arzulayır, biri bir parça çörəyə möhtacdır, biri isə sadəcə “məni anlayan bir insan olsun” deyə dua edir.
Şükür etmək kasıb olmaq demək deyil. Şükür — həyatın verdiyi nemətlərin fərqinə varmaqdır. Səhər oyanıb nəfəs almağın, ana səsini eşitməyin, övlad gülüşünü duymağın belə bir nemət olduğunu hiss etməkdir. İnsan yalnız itirəndə bəzi şeylərin dəyərini anlayır. Halbuki hikmət onları itirmədən qədrini bilməkdədir.
Naşükür insanın gözü həmişə başqasının əlində olar. Öz həyatını yox, özgəsinin həyatını yaşayarmış kimi ömür sürər. Daim müqayisə edər, daim gileylənər. Bu isə insanın ruhunu yorar, qəlbini qaraldar. Şükür edən insan isə azla da xoşbəxt olmağı bacarar. Çünki onun zənginliyi cibində deyil, vicdanında və qəlbindədir.
Əslində şükür insanın Allaha, həyata və insanlara qarşı ən böyük hörmətidir. Şükür edən insan həm səbirli olar, həm mərhəmətli, həm də mənəvi baxımdan güclü. Çünki bilir ki, həyat yalnız sahib olduqlarımızdan ibarət deyil — onları necə dəyərləndirdiyimizdən ibarətdir.
Unutmayaq... Naşükürlük tox qarından doğa bilər, amma şükür həmişə saf, sınmış, həyatın ağrısını yaşamış bir qəlbdən doğur...