✍️Vəli Əliyev yazır... Əl Uzatmayanlar...


Həyatda insanın ən ağır imtahanı bəzən yoxsulluq, bəzən xəstəlik, bəzən də tənhalıq olmur. Ən ağır sınaq — yıxıldığın anda ətrafında dayanıb sənə baxan, amma əlini uzatmayan insanları görməkdir. İnsan o an anlayır ki, hər yanında duran dost deyil, hər gülümsəyən səmimi deyil, hər “yanındayam” deyən həqiqətən yanında olmur.
Çətin anlar insanın həyat kitabının ən ağrılı, amma ən həqiqi səhifələridir. Həmin səhifələrdə kimlərin üzünün maska, kimlərin ürəyinin saf olduğu açıq görünür. İnsan yüksələndə ətrafında çox adam olur. Uğur qazandıqda alqışlayan, məclislərdə yanında oturan, özünü yaxın göstərənlər çoxalır. Amma həyatın sərt küləyi əsəndə, ayağının altındakı torpaq sürüşəndə, çoxları uzaqdan tamaşa etməyə üstünlük verir.
Daha ağrılı olan isə odur ki, bəzən insanı yıxan düşmən yox, yaxın bildiklərinin münasibəti olur. Sən kömək gözləyərkən, sənə əl uzatmaq əvəzinə geri çəkilənlər tapılır. Halbuki insanlıq bəzən bir əl tutmaqdan, bir təsəlli sözündən, bir “yanındayam” deməkdən başlayır.
Bu həyatın dəyişməz qanunlarından biri də budur: dara düşəndə insanların həqiqi siması görünür.
Kimisi səninlə birlikdə yük daşıyır, kimisi isə yükünü daha da ağırlaşdırır. Amma bütün bunlara baxmayaraq, insan ruhdan düşməməlidir. Çünki ən böyük güc başqalarının əlində deyil, insanın öz iradəsindədir.
Bəzən heç kimin uzatmadığı əl, insanın öz əli olur. İnsan öz yarasını özü sarıyır, öz qaranlığından özü çıxır, öz zirvəsinə özü qalxır. Həyat da məhz belə insanları böyüdür. Çətinlik qarşısında sınmayanları, daşın üstündə belə ayaqda qalmağı bacaranları...
Unutmayaq ki, yaxşı gündə yanında olmaq asandır. Əsl insanlıq isə birinin yıxıldığı anda onu qaldırmaqdır. Çünki həyat bir gün hamını sınağa çəkir. Bu gün əl uzatmayan, sabah özü əl gözləyə bilər.
İnsan bəzən aldığı kömək qədər deyil, görmədiyi dəstək onu dəyişir.
Və o dəyişiklik onu ya kinli edir, ya da daha mərhəmətli... Ümid edək ki, həyatın sərt üzünü görənlər, başqasının çətin anında əl uzatmağı unutmayan insanlara çevrilsinlər.