✍️Vəli Əliyev yazır... Çarəsizlikdən Əzablı Şey Yoxdur Həyatda.



Həyatda insanı ən çox incidən nə yoxsulluqdur, nə xəstəlik, nə də tək qalmaq… İnsan üçün ən ağır yük çarəsizlikdir. Çünki çarəsizlik insanın əlini-qolunu bağlayan, nəfəsini daraldan, ruhunu sıxan görünməz bir zəncirdir. İnsan bəzən aclığa dözür, yorğunluğa dözür, ayrılığa dözür, amma çarəsizlik qarşısında içində səssiz bir uçurum yaranır.
Bir ana övladının gözünün içinə baxıb onun dərdinə əlac tapa bilməyəndə çarəsiz qalır. Bir ata evinə çörək aparmaq üçün gecə-gündüz çalışıb yenə də ailəsinin ehtiyaclarını tam qarşılaya bilməyəndə daxilən yanır. Bir gənc arzularının qarşısında bağlı qapılar görəndə ruhən sınır. İnsan məhz o anda anlayır ki, çarəsizlik təkcə maddi yox, mənəvi ağrıdır.
Ən dəhşətlisi isə budur ki, çarəsiz insan çox vaxt susur. Onun fəryadı olmur, hayqırtısı olmur. Sadəcə gözlərində yorğunluq, çöhrəsində qırılmış ümid görünür. Bəzən küçədə rast gəldiyimiz insanların üzündəki səssiz kədərin səbəbi də məhz budur. Çünki hər insan daxilində görünməyən bir savaş yaşayır.
Müasir dövrdə texnologiya inkişaf etsə də, binalar yüksəlsə də, insanların içindəki çarəsizlik hissi azalmaq əvəzinə daha da artır. İnsanlar bir-birinə yaxın görünür, amma ürəklər uzaq düşüb. Hər kəs danışır, amma az adam dinləyir. Halbuki bəzən bir insanın çarəsizliyini azaltmaq üçün böyük sərvət yox, sadəcə səmimi bir söz, isti münasibət, anlayış və mərhəmət kifayət edir.
Çarəsizlik insanı ya sındırır, ya da böyüdür. Bəzi insanlar ağrılar içində daha da möhkəmlənir, həyatın sərt üzünü gördükcə insanlara qarşı daha mərhəmətli olur. Çünki əzab görən insan başqasının ağrısını daha yaxşı anlayır. Həyatın ən böyük məktəbi də elə budur — insan olmaq, insanın halını duymaq.
Bu gün dünyada ən böyük ehtiyaclardan biri də insanların bir-birinə dayaq olmasıdır. Çünki bəzən bir insanın əlindən tutmaq, ona “yanındayam” demək onun həyatını dəyişə bilir. İnsan ümidlə yaşayır. Ümid sönəndə isə çarəsizlik başlayır.
Ona görə də həyatda heç kimin dərdini kiçik saymaq olmaz. Çünki insanı içdən yıxan görünməyən ağrılar olur. Çarəsizlik isə həmin ağrıların ən səssiz, ən ağır və ən əzablı olanıdır.