✍️ Vəli Əliyev yazır... Qədir-Xum – İslamın kamillik günü


İslam tarixində elə günlər var ki, onların mənəvi və tarixi əhəmiyyəti əsrlər keçsə də öz dəyərini itirmir. Belə günlərdən biri də Qədir-Xum günüdür. Bu gün təkcə bir tarixi hadisənin xatirəsi deyil, həm də İslam dininin gələcəyi, ümmətin birliyi və dini rəhbərlik məsələsi ilə bağlı mühüm bir hadisənin təcəssümüdür.
Qədir-Xum Məkkə ilə Mədinə arasında yerləşən və müxtəlif bölgələrdən gələn hacıların ayrıldığı məkanın adıdır. Hicrətin onuncu ilində İslam Peyğəmbəri həzrət Məhəmməd (s) özünün son həcc səfərindən – tarixə "Vida həcci" kimi düşmüş müqəddəs ziyarətdən qayıdarkən yüz iyirmi mindən artıq müsəlmanı həmin məkanda bir yerə topladı.
Peyğəmbər (s) burada mühüm bir xütbə söylədi. O, insanlara Allahın əmrlərini xatırlatdı, İslamın əsas prinsiplərini bir daha bəyan etdi və ümmətin gələcəyi ilə bağlı vacib bir məsələni açıqladı. Tarixi faktlara görə, Allahın əmri ilə həzrət Əlini (ə) özündən sonra müsəlmanların rəhbəri kimi təqdim etdi . Bu hadisədən sonra orada iştirak edən çoxsaylı səhabələr həzrət Əlini təbrik etdilər.
Qədir-Xum hadisəsinin əhəmiyyəti yalnız bununla məhdudlaşmır. İslam mənbələrində qeyd olunur ki, həmin gün Qurani-Kərimin müsəlmanlara dinin kamilləşməsi və ilahi nemətin tamamlanması ilə bağlı ayələri nazil olmuşdur. Bu səbəbdən Qədir-Xum günü müsəlmanlar, xüsusilə Əhli-beyt sevərləri tərəfindən böyük ehtiramla yad edilir.
Əsrlər boyu bu hadisə nəsildən-nəslə ötürülmüş, alimlər və din xadimləri tərəfindən yaşadılması tövsiyə edilmişdir. Çünki Qədir-Xum təkcə keçmişin xatirəsi deyil, həm də elmə, ədalətə və mənəvi rəhbərliyə verilən dəyərin simvoludur.
Həzrət Əli (ə) İslam tarixində öz elmi, hikməti, ədaləti və yüksək mənəviyyatı ilə seçilmiş şəxsiyyətlərdən biri olmuşdur. Onun haqqında həm dostları, həm də rəqibləri yüksək fikirlər söyləmiş, elm və biliyini etiraf etmişlər. Buna görə də Qədir-Xum hadisəsi bir çox müsəlmanlar tərəfindən İslamın gələcəyinin etibarlı əllərə həvalə edilməsinin rəmzi kimi qiymətləndirilir.
Bu gün biz Qədir-Xumun mənəvi mahiyyətini xatırlayarkən birlik, qardaşlıq, elmə hörmət, haqq və ədalət kimi dəyərləri də yada salırıq. Bu müqəddəs gün insanları qarşılıqlı sevgi və ehtirama, İslamın mənəvi prinsiplərinə sadiq qalmağı arzulayırəq.
Qədir-Xum bayramı bütün müsəlman aləminə mübarək olsun. Uca Allah xalqımıza birlik, bərəkət, əmin-amanlıq və həmişə mənəvi yüksəliş nəsib etsin.