Sağlam Gülüşün Sirri: Dişlərin Sağlamlığı Həyat Keyfiyyətinin Əsasıdır


İnsan sağlamlığı bir bütövdür. Bədənin hər bir üzvü öz funksiyası ilə həyatımızın keyfiyyətinə təsir göstərir. Lakin bəzi insanlar diş sağlamlığını yalnız estetik görünüş kimi qəbul edir, onu sadəcə gözəl təbəssümlə əlaqələndirirlər. Halbuki dişlərin sağlamlığı təkcə xarici görünüş deyil, həm də insan orqanizminin ümumi sağlamlığının mühüm göstəricisidir.
Sağlam dişlər insanın düzgün qidalanmasının əsas şərtidir. Çünki qəbul etdiyimiz qidaların ilk emalı ağız boşluğunda başlayır. Dişlər qidanı yaxşı çeynəmədikdə mədə və həzm sistemi əlavə yük altında qalır. Nəticədə müxtəlif mədə-bağırsaq problemləri yaranır. Bir çox hallarda insanlar problemin mənbəyini başqa yerdə axtarsalar da, əsas səbəb məhz baxımsız dişlər olur.
Diş xəstəlikləri yalnız ağız boşluğu ilə məhdudlaşmır. Müasir tibb sübut edir ki, diş əti iltihabları ürək-damar xəstəliklərinə, şəkərli diabetin ağırlaşmasına, hətta immun sisteminin zəifləməsinə səbəb ola bilər. Ağızda yaranan infeksiyalar qan vasitəsilə bədənin digər orqanlarına yayılaraq ciddi fəsadlar törədə bilir. Bu baxımdan diş sağlamlığına laqeyd yanaşmaq, əslində ümumi sağlamlığa qarşı məsuliyyətsizlikdir.
Dişlərin sağlam olması insanın psixoloji durumuna da təsir edir. Gözəl və sağlam təbəssüm insana özünəinam verir, ünsiyyətdə rahatlıq yaradır. Əksinə, çürük və ya baxımsız dişlər insanı cəmiyyət içində narahat edir, kompleks yaradır. İnsan bəzən danışarkən, gülərkən utanır, özünü sıxılmış hiss edir. Deməli, diş sağlamlığı həm fiziki, həm də mənəvi rahatlığın vacib hissəsidir.
Təəssüf ki, bir çox insanlar diş həkiminə yalnız ağrı başlayanda müraciət edirlər. Halbuki profilaktik müayinələr bir çox problemlərin qarşısını əvvəlcədən ala bilər. Gündəlik düzgün ağız gigiyenası, dişlərin vaxtında fırçalanması, sağlam qidalanma və mütəmadi həkim müayinəsi sağlam dişlərin əsas təminatıdır.
Xüsusilə uşaqlarda diş sağlamlığına diqqət daha vacibdir. Çünki uşaqlıqdan formalaşan gigiyena vərdişləri insanın gələcək həyatına təsir edir. Valideynlər övladlarına yalnız yaxşı təhsil deyil, sağlam yaşam mədəniyyəti də aşılamalıdırlar.
Unutmaq olmaz ki, sağlam diş yalnız gözəllik deyil, sağlam həyatın vacib açarıdır. İnsan bəzən bir diş ağrısının belə bütün həyat ritmini necə pozduğunu yaşayaraq anlayır. Buna görə də dişlərimizə qayğı göstərmək öz sağlamlığımıza, həyatımıza və gələcəyimizə göstərilən qayğıdır.


Milli Mənəviyyat
müstəqil ,beynəlxalq qəzetinin
Fəxri üzvü
Doktor Rəşad Zahidoğlu