✍️ Vəli Əliyev yazır… Qadınlar !
Mənəvi dəyərlər
Bu gün, 11:15
41
Siz bəzən bir ömrün ən böyük imtahanı, bəzən də ən gözəl mükafatı olursunuz. Allahın yer üzünə nazla, duyğu ilə, mərhəmətlə göndərdiyi ən sirli varlıqlarsınız. Bir baxışınızla dağılan ürəyi yığa, bir sözünüzlə dağ kimi kişini çökdürə bilirsiniz. Elə buna görə də tarix boyu nə qədər şair, yazıçı, filosof gəlib-keçibsə, qadını tam anlaya bilməyib. Çünki qadın təkcə insan deyil — qadın bir aləmdir.
Qadın güləndə evə bahar gəlir.
Qadın susanda divarlar danışır.
Qadın ağlayanda isə dünya bir az da qocalır…
Bəzən bir kişinin bütün yorğunluğu qadının “yorulmusan?” deməsi ilə keçir. Çünki qadının qayğısında ana nəfəsi, sevgisində həyatın özü gizlənib. Elə buna görə kişilər dünyanın ən ağır yükünü çiyinlərində daşısa da, axşam evə dönəndə bir qadının səsinə möhtac olur.
Amma qadınlar da qəribədir…
“Get” deyəndə qalmağını istəyər,
“Yaxşıyam” deyəndə içində fırtına qopar,
“Heç nə olmayıb” söyləyəndə dünyanın dərdini ürəyində gizlədər.
Kişilər çox vaxt qadının sözünü yox, gözünü anlamalıdır. Çünki qadının dili bəzən susar, amma baxışları hər şeyi danışar.
Qadın — ana olanda müqəddəsləşir.
Övladı üçün gecəni səhərə qədər oyaq qalır, amma səhər yenə gülümsəyir. Öz dərdini gizlədib balasının üzünə təbəssüm bəxş edir. Dünyanın ən böyük qəhrəmanları bəzən medalları olmasada, mətbəxdə əlləri yanmış analardır.
Qadın — sevgili olanda ilham verir.
Bir kişi bəzən bir qadının sevgisi ilə şair olur, sənətkar olur, qəhrəman olur. Çünki sevilən kişi özünü yarım yox, bütöv hiss edir.
Amma qadın inciyəndə…
Bax, onda ən ağır sükut başlayır. Qadının gözündən düşmək, dağdan düşməkdən ağırdır. Çünki qadın ürəyində öldürdüyünü bir daha əvvəlki kimi sevə bilmir.
Siz həm həyatın ən şirin nəğməsisiniz, həm də ən çətin tapmacası. Bəzən bir mesaj yazmamaqla kişini dəli edərsiniz, bəzən bir “özündən müğayat ol” sözünüzlə dünyanı unutdurarsınız.
Deyirlər, kişilər güclüdür. Amma həqiqət budur ki, kişini ayaqda saxlayan çox vaxt bir qadının sevgisi, duası, inamı olur. Kişi bəzən hamıya qarşı güclü görünər, amma sevdiyi qadının bircə soyuq davranışına məğlub olar.
Bu dünyanın bütün yorğun kişilərinin həyatında ya bir ana, ya bir bacı, ya bir həyat yoldaşı, ya da unuda bilmədiyi bir qadın var…
Ax qadınlar, qadınlar…
Siz olmasaydınız, həyat çox səssiz, dünya çox soyuq olardı…




















