✍️ Vəli Əliyev yazır ...Yaxşılığın ən böyük mükafatı vicdan rahatlığıdır.


İnsan həyatının ən böyük sərvəti nə var-dövlət, nə vəzifə, nə də şöhrətdir. İnsan üçün ən böyük sərvət rahat vicdan, təmiz qəlb və mənəvi rahatlıqdır. Bu rahatlığa aparan yolların ən gözəli isə yaxşılıq etməkdir.

Bu gün insanların çoxu etdiyi yaxşılığın əvəzini gözləyir. Kiməsə kömək edərkən düşünür ki, sabah mənə də lazım olar, qarşılığını verər. Halbuki həqiqi yaxşılıq hesab-kitab üzərində qurulmur. Yaxşılıq bazarlıq deyil, insanlığın təzahürüdür. Əgər yaxşılıq edərkən mütləq qarşılıq gözləyiriksə, onda bu artıq yaxşılıqdan çox alış-verişə bənzəyir.

Həyatın ən qəribə qanunlarından biri də budur ki, etdiyimiz yaxşılıqlar çox vaxt gözlədiyimiz insanlardan deyil, heç tanımadığımız, ümid etmədiyimiz yerlərdən geri qayıdır. Bəzən bir insana etdiyimiz köməyi o unudur, amma həyat özü həmin yaxşılığın mükafatını başqa yollarla qarşımıza çıxarır.

Əsl yaxşılıq insanın daxilindən gələn bir ehtiyacdır. Necə ki, günəş işığını saçmaq üçün qarşılıq gözləmir, ağac meyvəsini vermək üçün minnət qoymur, yaxşı insan da yaxşılığı öz xarakterinin bir hissəsi kimi edir. Çünki onun məqsədi tərif eşitmək deyil, bir qəlbə sevinc bəxş etməkdir.

Təəssüf ki, bəzən yaxşılıq etdiyimiz insanlar bunu dəyərləndirmir, hətta unuturlar. Bu zaman insanın qəlbində inciklik yaranır. Lakin bir həqiqəti unutmaq olmaz: yaxşılığın dəyərini bilməyən insanın davranışı bizim yaxşılığımızın qiymətini azaltmır. Çünki yaxşılığın böyüklüyü onu qəbul edənlə deyil, onu edənlə ölçülür.

Vicdan rahatlığı elə bir nemətdir ki, onu nə pulla almaq, nə də başqasından borc götürmək mümkündür. Gecə başını yastığa qoyarkən heç kimin haqqını yemədiyini, kiminsə dərdinə şərik olduğunu, ehtiyac sahibinə əl tutduğunu bilmək insanın daxilində xüsusi bir rahatlıq yaradır. Bu hiss dünyanın ən bahalı sərvətlərindən belə qiymətlidir.

Bəzən bir insanın üzündə yaratdığın təbəssüm, dediyin təsəlli sözü, uzatdığın yardım əli illərlə yaddaşlarda qalır. Hətta insanlar unutsa belə, edilən yaxşılıq insanın öz mənəviyyatında silinməz iz buraxır. Məhz buna görə də yaxşılığın ən böyük mükafatı təşəkkür, tərif və ya qarşılıq deyil, insanın öz vicdanının ona verdiyi rahatlıqdır.

Bu gün dünyamızın daha çox yaxşılığa, mərhəmətə və insanlığa ehtiyacı var. Əgər hər kəs gündə bir insana yaxşılıq etməyi özünə borc bilsəydi, cəmiyyət daha gözəl, insanlar daha xoşbəxt olardı.

Ona görə də yaxşılıq edin. Qarşılıq gözləmədən, minnət qoymadan, reklam etmədən edin. Çünki etdiyiniz yaxşılığın ən böyük qazancı başqasının təşəkkürü deyil, öz vicdanınızın sakitliyi və qəlbinizin rahatlığıdır.

Yaxşılıq et, qarşılıq gözləmə. Çünki yaxşılığın ən böyük mükafatı vicdan rahatlığıdır.