✍️Vəli Əliyev yazır... Şəhid Hacıbaba Əliyev- Şəhidlik Zirvəsi – Millətin Qürur Yeri.
Mənəvi dəyərlər
Bu gün, 16:33
47
Azərbaycan torpağı əsrlər boyu qəhrəman oğullar yetişdirib. Bu xalqın igid övladları Vətənin ən çətin günündə canını sipər edib, torpağın namusunu, millətin şərəfini qoruyublar. Bu müqəddəs yolun ən uca məqamı isə şəhidlik zirvəsidir. Şəhidlər xiyabanları yalnız məzarların düzüldüyü bir məkan deyil, xalqın yaddaşı, vicdanı və mənəvi gücünün yaşadığı müqəddəs ziyarətgahdır.
Qubaya səfər edən hər bir insanın ilk üz tutduğu yerlərdən biri də Quba Şəhidlər xiyabanıdır. Burada uyuyan igidlər Azərbaycanın azadlığı, bütövlüyü və gələcəyi uğrunda canından keçən qəhrəmanlardır. Onların sırasında Birinci Qarabağ müharibəsinin ilk şəhidlərindən olan Hacıbaba Əliyevin də müqəddəs məzarı yerləşir. O, ömrünü Vətənə fəda edərək adını xalqın qəhrəmanlıq tarixinə həkk edib.
Şəhid məzarları önündə dayananda insan həyatın faniliyini, Vətənin isə əbədiliyini daha dərindən anlayır. O daşların altında yatanlar sadəcə bir ailənin övladı deyil, bütöv millətin qürurudur. Hər bir şəhid məzarı bizə səssiz şəkildə deyir ki, bu torpaq asan qazanılmayıb, bu bayraq təsadüfən dalğalanmır.
Bu gün şəhid ailələrinə göstərilən hörmət və ehtiram xalqımızın mənəvi böyüklüyünün göstəricisidir. Şəhidlərimizin əziz xatirəsini yaşatmaq hər bir azərbaycanlının mənəvi borcudur. Çünki Vətən uğrunda canından keçən insan unudularsa, millətin yaddaşı zəifləyər. Unudulmayan şəhid isə daim yaşayır.
Hacıbaba Əliyevin ailəsi də bu müqəddəs adın daşıyıcısı olmaqla hər zaman hörmətə layiqdir. Onun oğlu Emin Əlizadə qəzetimizin fəxri üzvlərindən biri kimi atasının müqəddəs adını şərəflə yaşadır, şəhidlərimizin xatirəsinə dərin ehtiram nümayiş etdirir. Bu, həm ailə sədaqətinin, həm də Vətən sevgisinin nümunəsidir.
Şəhidlər xiyabanına edilən hər ziyarət insanın ruhunu silkələyir. Orada insan susaraq düşünür, keçmişi xatırlayır, gələcək qarşısında məsuliyyət hiss edir. Çünki şəhidlərin qarşısında baş əymək yalnız bir ehtiram deyil, həm də Vətənə sədaqət andıdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları daim şad olsun! Onların müqəddəs xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.




















