✍️Vəli Əliyev yazır... Allah qadınları yaradıb ki, kişilər çox yaşamasın, bezməsinlər həyatdan ...
Mənəvi dəyərlər
Bu gün, 14:35
43
Deyirlər Allah hər şeyi bir səbəbdən yaradıb. Günəşi işıq üçün, ayı gecəyə gözəllik üçün, pulu insanları dalaşdırmaq üçün… qadınları isə kişilərin həyatını “rəngarəng” etmək üçün. Yoxsa kişilər çox yaşayardı, dünyada pensiya fondu batardı, xəstəxanalar bağlanardı, gül dükanları müflis olardı.
Kişi subay olanda özünü dünyanın ən ağıllı adamı hesab edir. Səhər saat 11-də oyanır, dünəndən qalan kababı mikrodalğaya qoyub yeyir, corabın təmizini yox, iy verməyənini seçir və düşünür ki, həyat çox gözəldir. Elə bilir ev idarə etmək çox asandır. Hətta bəzən dost məclisində sinəsini qabağa verib deyir: — Mənə qadın lazım deyil, özüm hər şeyi bacarıram!
Allah da yuxarıdan baxıb gülümsəyir: — Sən bir evlən, sonra danışarıq…
Toydan sonra kişinin həyatında ilk böyük dəyişiklik “pultun əlindən alınması” ilə başlayır. Əvvəllər kişi futbol izləyirdi, indi hind serialında baldızın qaynanasının gizli sevgilisinin kim olduğunu öyrənməyə məcburdur. Bir dəfə etiraz edib kanal dəyişmək istəyəndə həyat yoldaşı elə baxır ki, kişi anlayır — bu evdə demokratiya yoxdur.
Qadınlar dünyanın ən böyük “xatırlatma sistemi”dir. Google unudar, telefon unudar, amma qadın əsla unutmaz. — 2017-ci ilin noyabrında anamgilə gedəndə mənə nə dediyini yadındadır?! Kişi yazıq baxır tavana: — Mən dünən nə yediyimi xatırlamıram…
Kişinin ömrünü ən çox qısaldan cümlələrdən biri də budur: — Mən sənə demişdim!
Bu cümlə adi söz deyil, psixoloji atom bombasıdır. Qadın bunu elə qürurla deyir ki, kişi içindən düşünür: “Kaş vaxtında qulaq asaydım…”
Qadınlar alış-verişə çıxanda isə kişilər həyatın əsl imtahanı ilə üzləşirlər. Kişi mağazaya girəndə məqsədi bəllidir: — Şalvar lazımdır, alıb çıxım.
Qadın isə mağazaya ekskursiyaya gəlmiş turist kimidir. Əvvəl baxır, sonra müqayisə edir, sonra şəkil çəkib rəfiqəsinə göndərir, sonra heç nə almadan çıxır. Kişi də mağazanın bir küncündə oturub düşünür: “Görəsən əsirlər də belə əziyyət çəkirdi?”
Amma bütün bunlara baxmayaraq kişi qadınsız da yaşaya bilmir. Çünki evə gələndə: — Yemək hazırdır, deyən bir səs eşitmək dünyanın ən böyük rahatlığıdır.
Qadın hirslənəndə tufandır, küsəndə zəlzələdir, alış-veriş edəndə iqtisadi böhrandır. Amma xəstələnəndə başının üstündə səhərə qədər duran da odur. Kişinin cibində pul olanda “özünə bax” deyən, pul olmayanda “narahat olma, düzələr” söyləyən də odur.
Elə buna görə də kişilər hər nə qədər zarafat edib “qadınlar ömrümüzü qısaldır” desələr də, qadın olmayan həyat da çox uzun və mənasız görünərdi.
Çünki Allah qadını sadəcə insan kimi yox, həyatın duzu, bibəri, əsəbi, sevgisi və ən böyük imtahanı kimi yaradıb… Kişilər də bu imtahandan hər gün “təkrar kəsilə-kəsilə” yaşayırlar…




















