✍️Vəli Əliyev yazır... Barışmaq və Bağışlamaq


İnsan münasibətlərinin ən incə, ən ağrılı və eyni zamanda ən dəyərli məqamlarından biri barışmaq və bağışlamaq anlayışlarıdır. Bu iki söz tez-tez eyni məna kimi qəbul olunsa da, əslində ruhun dərinliklərində fərqli hisslərə və qərarlara söykənir.
Bəzən həyat bizi elə sınaqlarla üz-üzə qoyur ki, qırılan bir münasibəti yenidən qurmaq üçün barışmağa qərar veririk. Sözlər deyilir, əllər uzadılır, sükutlar pozulur. İnsanlar yenidən bir masa arxasında oturur, eyni havanı bölüşür. Amma... daxildə bir şey dəyişməz qalır. Çünki barışmaq hər zaman bağışlamaq demək deyil.
Barışmaq bəzən zərurətdən doğur. Ailə üçün, dostluq üçün, cəmiyyət içində sülhü qorumaq üçün. İnsan “yola verir”, susur, münasibəti qoruyur. Bu, bir növ ağlın qərarıdır. Amma bağışlamaq – bu artıq qəlbin qərarıdır. Qəlb isə məcbur edilmir. Qəlb ya unudar, ya da xatırlayar.
Bağışlamaq üçün insanın içindəki ağrının səngiməsi lazımdır. O ağrı ki, gecələr səssizcə qəlbi sızladır, o xatirə ki, ən gözlənilməz anda insanın qarşısına çıxır. Bağışlamaq – yalnız “keçdi getdi” demək deyil. Bağışlamaq, o hadisəni xatırlayanda artıq inciməməkdir. Bu isə hər kəsin bacardığı bir hal deyil.
Bəzən insanlar deyir: “Bağışladım”. Amma əslində sadəcə susublar. Susmaq bağışlamaq deyil. Susmaq – içində danışan bir səssizliyin başlanğıcıdır. Və o səssizlik zamanla ya sağalar, ya da daha dərin yaraya çevrilər.
Həssas mənəvi dəyərlər məhz burada özünü göstərir. İnsan öz vicdanı ilə üz-üzə qalır. Qürur, inciklik, sevgi və dəyər – hamısı bir tərəzidə ölçülür. Hansı ağır gələrsə, insanın seçimi də o olur.
Bəzən isə ən böyük güc bağışlamamaq deyil, bağışlamağı bacarmaqdır. Amma bu, zəiflik deyil. Əksinə, insanın öz ruhuna qalib gəlməsidir. Çünki bağışlayan insan keçmişin yükünü çiyinlərindən atır və özünü azad edir.
Lakin unutmamalıyıq ki, hər bağışlama mütləq barışmaq demək deyil. İnsan kimisə bağışlaya bilər, amma yenidən eyni yolda getməyə məcbur deyil. Bu, artıq özünə olan hörmətin göstəricisidir.
Həyat bizə öyrədir ki, hər münasibət qorunmalı deyil, amma hər hiss anlaşılmalıdır. Bəzən barışmaq kifayət edir, bəzən isə sadəcə uzaqlaşmaq ən doğru qərar olur. Əsas olan isə insanın öz daxilində sükunət tapmasıdır.
Çünki ən böyük barış – insanın özü ilə barışmasıdır.
Ən böyük bağışlama isə – özünü bağışlamaqdır.