✍️Vəli Əliyev yazır... Zamanın dəyəri



Zaman – insan ömrünün ən qiymətli sərvəti, geri qaytarılması mümkün olmayan yeganə nemətdir. Pul itirilər, yenidən qazanılar. Sağlamlıq bəzən itər, bərpa edilər. Amma zaman… o, axıb gedən çay kimidir – bir dəfə keçdi, artıq geri dönməz. Elə buna görə də deyirlər: insan zamanı dəyərləndirsə, amanda qalar.
Hər bir insanın həyatında ona verilmiş zaman eyni ölçüdədir – gün 24 saatdır. Lakin bu saatların necə istifadə olunması insanın taleyini müəyyənləşdirir. Kimisi bu vaxtı məqsədli şəkildə qurur, planlayır, inkişafına sərf edir. Kimisi isə vaxtı boş söhbətlərdə, faydasız işlərdə itirir və sonradan “vaxtım olmadı” deyə gileylənir. Halbuki problem vaxtın azlığında deyil, onun düzgün idarə olunmamasındadır.
Zamanı dəyərləndirmək ilk növbədə insanın özünə hörmətindən başlayır. Öz həyatına, gələcəyinə dəyər verən insan hər dəqiqəsinin fərqində olur. O, bilir ki, bu gün etdiyi seçimlər sabahının təməlidir. Gecikdirilən işlər, ertələnən qərarlar, boşuna sərf edilən saatlar sonda peşmanlıq gətirir. Çünki zaman heç kəsi gözləmir.
Bu günün işini sabaha saxlamaq bəlkə də ən böyük səhvlərdən biridir. “Sonra edərəm” düşüncəsi insanı yavaş-yavaş passivliyə sürükləyir. Halbuki uğur qazanan insanlar vaxtın qədrini bilənlərdir. Onlar hər günü bir fürsət kimi görür, hər saatı məqsədlərinə yaxınlaşmaq üçün istifadə edirlər. Məhz bu səbəbdən həyat onları mükafatlandırır.
Zamanın dəyərini yalnız işləməklə ölçmək də doğru deyil. İnsan həm də sevdiklərinə vaxt ayırmalı, mənəvi dəyərlərini yaşatmalı, öz ruhunu qidalandırmalıdır. Çünki zaman yalnız qazanc üçün deyil, həm də yaşamaq üçündür. Ailə ilə keçirilən bir saat, səmimi bir söhbət, dostlarla bölüşülən anlar da həyatın ən qiymətli hissələrindəndir.
Unutmaq olmaz ki, zaman insana verilmiş bir əmanətdir. Bu əmanəti necə qorumaq isə hər kəsin öz seçimidir. Onu dəyərləndirən insan həyatında nizam, uğur və məmnunluq tapır. Əks halda isə zamanın qədrini bilməyənlər bir gün geriyə baxıb itirdikləri anların peşmanlığını yaşayırlar.
Nəticə etibarilə, zamanın qədrini bilmək – həyatı doğru yaşamaq deməkdir. İnsan zamanı dəyərləndirsə, həqiqətən də amanda qalar. Çünki o zaman insan yalnız yaşamaqla kifayətlənmir, həm də həyatını mənalı və dəyərli edir.