SƏMƏNİLƏRİN ÜMİDƏ QOVUŞDUĞU MƏRASİM Qubada “Səməni atdı” ənənəsi yaşadılır.
Mənəvi dəyərlər
Dünən, 19:27
24
Azərbaycanın qədim və zəngin mədəniyyət xəzinəsində xüsusi yer tutan Novruz bayramı təkcə təbiətin oyanışı deyil, həm də xalqın mənəvi dünyasının təntənəsidir. Bu bayramın özünəməxsus adətləri sırasında Quba şəhərində keçirilən “Səməni atdı” mərasimi isə öz fərqliliyi və dərin mənası ilə seçilir.
Quba şəhərindən keçən Qudyalçay üzərindəki körpüdə təşkil olunan bu mərasim illərdir bölgə sakinlərinin böyük həvəslə yaşatdığı ənənələrdən biridir. Əsasən bayramdan 13 gün sonra keçirilən bu tədbir zamanla formalaşaraq artıq xüsusi bir mərasim xarakteri alıb.
Əvvəllər yalnız yerli sakinlərin iştirakı ilə baş tutan “Səməni atdı” bu gün daha geniş miqyas alıb. Artıq ətraf rayonlardan və bölgələrdən gələn insanlar da bu ənənəyə qoşularaq onu ümumxalq görüşünə çeviriblər. Bu isə mərasimin təkcə adət deyil, eyni zamanda insanları bir araya gətirən mənəvi körpü olduğunu göstərir.
Mərasimin əsas məqamı isə səməninin axar suya buraxılmasıdır. İnsanlar ürəklərində tutduqları niyyətlə bayram üçün yetişdirdikləri səmənini suya atır, bununla arzularının saf niyyətlə yol alacağına inanırlar. Bu inam “Səməni atdı”nı sadəcə bir ritual deyil, ümidin və inancın canlı simvoluna çevirir.
Xalq arasında dolaşan inanclara görə, əgər tutulan niyyət gerçəkləşərsə, həmin şəxs növbəti Novruz bayramında yenidən bu mərasimə qatılır və sevincini bölüşmək üçün iştirakçılara şirniyyat paylayır. Bu isə adətin paylaşma, sevinc və birlik dəyərlərini özündə ehtiva etdiyini bir daha təsdiqləyir.
Bu gün Qubada qorunub saxlanılan “Səməni atdı” mərasimi xalqın qədim inanclarını, milli ruhunu və mənəvi dəyərlərini yaşatmaqda davam edir. Keçmişdən gələn bu miras müasir dövrdə də insanları birləşdirən, onları ümid və arzular ətrafında toplayan nadir ənənələrdən biri kimi öz varlığını qoruyur.
Milli Mənəviyyat
müstəqil , beynəlxalq qəzetinin
Şimal regionu üzrə təmsilçisi
Famil Fətullayev

















