✍️ Vəli Əliyev yazır... 24 İyul – Beynəlxalq Mühafizəçilər Günüdür.



Hər il 24 iyul dünyada Beynəlxalq Mühafizəçilər Günü kimi qeyd olunur. Bu əlamətdar gün insanların həyat və sağlamlığının, dövlət və özəl əmlakın, müəssisələrin və ictimai təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan mühafizəçilərin fədakar əməyinə dərin ehtiramın ifadəsidir.

Mühafizəçi peşəsi sadəcə bir vəzifə deyil, yüksək məsuliyyət, ayıqlıq, cəsarət, intizam və vətənə sədaqət tələb edən şərəfli xidmət yoludur. Gecə-gündüz yorulmadan çalışan bu peşə sahibləri cəmiyyətimizin təhlükəsizliyinin təmin edilməsində, insanların rahat və arxayın yaşamasında mühüm rol oynayırlar.

Mənim üçün isə bu gün təkcə peşə bayramı deyil, həm də həyat yolumun ayrılmaz bir parçasıdır. Gənclik və tələbəlik illərimdən etibarən mühafizə xidmətində fəaliyyətə başlamış, sıravi mühafizəçi kimi ilk xidmət yolumu keçmiş, sonralar isə müxtəlif məsul vəzifələrdə, rəis heyətinin üzvü kimi çalışmışam. Bu gün də eyni qürur, məsuliyyət və sədaqətlə bu şərəfli peşəyə xidmət etməyə davam edirəm.

İllərin təcrübəsi mənə öyrədib ki, mühafizəçi olmaq yalnız obyekt qorumaq deyil. Bu, insan həyatına, dövlət əmlakına, ictimai asayişə və cəmiyyətin əmin-amanlığına xidmət etmək deməkdir. Hər növbə, hər xidmət saatı vicdanın, məsuliyyətin və peşəkarlığın sınağıdır.

Bu gün Azərbaycan Respublikasında mühafizə xidməti təhlükəsizlik sisteminin mühüm dayaqlarından biridir. Dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində mühafizə xidməti müasir dövrün tələblərinə uyğun inkişaf edir, peşəkar kadrlar yetişir və təhlükəsizlik sahəsində mühüm nailiyyətlər əldə olunur.

Bu əlamətdar gün münasibətilə vaxtilə birlikdə xidmət etdiyim bütün həmkarlarımı, bu gün də şərəflə xidmət edən dövlət və özəl mühafizə əməkdaşlarını ürəkdən təbrik edirəm. Sizlərə möhkəm cansağlığı, ailə səadəti, xidmətdə uğurlar, Vətənimizə və xalqımıza xidmət yolunda tükənməz güc, əzm və uğurlar arzulayıram.

24 İyul – Beynəlxalq Mühafizəçilər Günü mübarək olsun! Qoy müqəddəs xidmətiniz daim uca tutulsun, zəhmətiniz yüksək qiymətləndirilsin və hər zaman təhlükəsizliyin keşiyində şərəflə dayanmağın qürurunu yaşayasınız.

Hörmətlə,
Vəli Əliyev

"Milli Mənəviyyat"
müstəqil, beynəlxalq qəzetinin
Baş redaktoru.