Almaniyadakı diasporumuzun sədri Azad Rəhimovla müsahibə
Beynəlxalq / Mənəvi Birlik
Bu gün, 01:43
42
Azad müəllim, artıq 30 ilə yaxındır Almaniyada yaşayırsınız. Bu illər ərzində Vətənə olan sevginizi necə qoruyub saxlamısınız?
Azad Rəhimov: Vətən sevgisi insanın qəlbində doğulur və ömrünün sonuna qədər yaşayır. Mən Almaniyada yaşamışam, amma heç vaxt özümü Azərbaycandan ayrı hiss etməmişəm. Evimizdə həmişə Azərbaycan dili danışılıb, milli bayramlarımız qeyd olunub, övladlarıma tariximizi, mədəniyyətimizi və milli-mənəvi dəyərlərimizi öyrətmişəm. Mənim üçün Azərbaycan sadəcə doğulduğum ölkə deyil, həyatımın mənasıdır.
Almaniyada Azərbaycan diasporunun ilk təşkilatlanma dövrü necə başladı? O illərdə hansı çətinliklərlə qarşılaşırdınız?
Azad Rəhimov: O illərdə nə bugünkü imkanlar vardı, nə də diasporumuz kifayət qədər təşkilatlanmışdı. Biz az sayda soydaş bir araya gələrək Azərbaycanı tanıtmağa çalışırdıq. Ən böyük çətinlik informasiya mübarizəsi idi. Ermənistanın təbliğatına qarşı həqiqətləri çatdırmaq üçün gecə-gündüz çalışırdıq. Amma inamımız bizi heç vaxt yolumuzdan döndərmədi.
Almaniya–Azərbaycan Dostluq Cəmiyyətini və "Vətən Naminə" hərəkatını yaratmaq ideyası necə yarandı? Əsas məqsədiniz nə idi?
Azad Rəhimov: Məqsədimiz xaricdə yaşayan azərbaycanlıları bir araya gətirmək, dövlətimizin maraqlarını müdafiə etmək və Azərbaycan həqiqətlərini Almaniya cəmiyyətinə çatdırmaq idi. Hər zaman düşünmüşəm ki, birlik olan yerdə güc var.
Uzun illər ərzində keçirdiyiniz tədbirlər arasında yaddaşınızda ən dərin iz buraxan hansı tədbirlər olub? Niyə?
Azad Rəhimov: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Nürnberqdə keçirdiyimiz tədbir və Münxendə "Xocalıya azadlıq!" aksiyası mənim üçün çox əzizdir. Həmin günlərdə dünyanın müxtəlif ölkələrindən gələn soydaşlarımızın birlik nümayiş etdirməsi böyük qürur hissi yaşadırdı.
2017-ci ildə Münxen Təhlükəsizlik Konfransı zamanı təşkil etdiyiniz "Xocalıya azadlıq!" aksiyası böyük rezonans doğurdu. Həmin günü necə xatırlayırsınız?
Azad Rəhimov: O gün bizim üçün təkcə aksiya deyildi, vicdan məsələsi idi. Dünyanın diqqətinin Münxenə yönəldiyi bir vaxtda Xocalı həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq bizim borcumuz idi. Həmin aksiyada iştirak edən hər bir soydaşımıza minnətdaram.
Sizcə, bu gün Azərbaycan diasporunun qarşısında duran əsas vəzifələr və prioritetlər hansılardır?
Azad Rəhimov: Ən vacib məsələ birlikdir. Biz milli maraqlarımızı hər şeydən üstün tutmalı, yaşadığımız ölkələrdə Azərbaycanın etibarlı dostlarını qazanmalı və gəncləri diaspor fəaliyyətinə daha çox cəlb etməliyik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diaspor siyasətini və xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqəti necə qiymətləndirirsiniz?
Azad Rəhimov: Son illər diaspor siyasətində mühüm dəyişikliklər baş verib. Xaricdə yaşayan azərbaycanlılara göstərilən diqqət və dəstək bizi daha məsuliyyətli işləməyə ruhlandırır. Bu siyasətin nəticələrini artıq dünyanın müxtəlif ölkələrində görürük.
Siz yeddi övlad atasısınız – beş oğul və iki qız böyütmüsünüz. Xarici ölkədə yaşaya-yaşaya övladlarınıza Azərbaycan sevgisini necə aşılaya bilmisiniz?
Azad Rəhimov: Mənim üçün ən böyük vəzifə yaxşı övlad böyütmək olub. Onlara həmişə demişəm ki, harada yaşamağınızdan asılı olmayaraq, Azərbaycan sizin Vətəninizdir. Evdə Azərbaycan dilində danışmışıq, milli adət-ənənələrimizi yaşatmışıq. Bu gün övladlarım Vətənini sevən, milli ruhda böyüyən insanlardır və bununla qürur duyuram.
Sizə görə insanın övladına verə biləcəyi ən böyük miras nədir – sərvət, təhsil, yoxsa Vətən sevgisi?
Azad Rəhimov: Təhsil də lazımdır, zəhmət də, halal ruzi də. Amma bunların hamısını dəyərli edən Vətən sevgisi və mənəvi tərbiyədir. Vətənini sevən insan heç vaxt pis yol seçməz. Mən övladlarıma məhz bunu miras qoymağa çalışmışam.
Hər il Azərbaycana gəlirsiniz. Doğma torpağa ayaq basanda hansı hissləri keçirirsiniz və ən çox hara getmək istəyirsiniz?
Azad Rəhimov: Təyyarə Bakıya enən an sözlə ifadə olunmayan hisslər keçirirəm. Elə bilirəm ki, ruhum rahatlıq tapır. İlk öncə mənim üçün müqəddəs olan şəhidlər xiyabanımızı ziyarət edirəm . Sonra isə həlbətdə Naxçıvana ,doğulduğum Tunbul kəndinə gedib Əzizlərimi görmək, doğma insanlarla görüşmək mənim üçün ən böyük xoşbəxtlikdir.
Gənc nəsilə, xüsusilə xaricdə yaşayan azərbaycanlı gənclərə hansı tövsiyələri vermək istərdiniz? Onlar milli kimliklərini necə qorumalıdırlar?
Azad Rəhimov: Gənclər heç vaxt öz köklərini unutmamalıdırlar. Ana dilini bilməli, tarixini öyrənməli, bayrağını sevməli və harada yaşamalarından asılı olmayaraq Azərbaycanı ləyaqətlə təmsil etməlidirlər. Gələcəyimiz onların əlindədir.
Sonda "Milli Mənəviyyat" müstəqil, beynəlxalq qəzetinin oxucularına və bütün dünya azərbaycanlılarına ürək sözlərinizi bölüşərdinizmi?
Azad Rəhimov: Əziz soydaşlarım! Harada yaşamağımızdan asılı olmayaraq, unutmayaq ki, bizim bir Vətənimiz var – Azərbaycan. Gəlin dövlətimizin ətrafında sıx birləşək, milli birliyimizi qoruyaq, övladlarımızı Vətən sevgisi ilə böyüdək. Mən "Milli Mənəviyyat" müstəqil, beynəlxalq qəzetinin kollektivinə və şəxsən baş redaktor Vəli Əliyevə diaspor fəaliyyətinə göstərdiyi diqqətə görə təşəkkür edir, bütün oxuculara möhkəm cansağlığı, firavanlıq və əziz Azərbaycanımızın daim uca olmasını arzulayıram. Yaşasın Azərbaycan! Yaşasın dünya azərbaycanlılarının birliyi!




















