Eşq karvanı



Göy qurşağı yuyunur ağ buludun göz yaşında,
Günəşsə bərq vurur sanki bir üzük qaşında,
Hər şeyi həkk eləyib, qoruyaraq yaddaşlnda,
Kainat qədəm qoyur Səfər adlı ayə tərəf,
Eşq karvanı gedir bu gün Kərbəlaya tərəf.

Cənnətlə cəhənnəmin seçimiydi bu gecəki,
Həqiqət bir dənəydi, qarşıdakı yolsa iki,
Yuxusunda nəbidən utanaraq Hür necə ki,
Keçdi sevgi ilə yetmiş iki saya tərəf,
Eşq karvanı gedir bu gün Kərbəlaya tərəf.

Elə ki, bağlanmışdı Fərat çayının yolları,
Suya həsrət qalmışdı əhlibeyt dodaqları,
Harda ki, qələm olub Həzrət Abbasın qolları,
O yerə təbərrükə getmək üçün çaya tərəf,
Eşq karvanı gedir bu gün Kərbəlaya tərəf.

İçində qəm ağlayır vüqarı isə dim-dik,
Ya Zeynəb, halına cümlə mələklər də şərik,
Bu əzadarlığına qoşulmaq üçün gəlirik,
Necə ki, ruh çırpınır nurlu bir dünyaya tərəf,
Eşq karvanı gedir bu gün Kərbəlaya tərəf.

Ey Şükür, nəzər elə Ərbəinə kimlər gedir?
O şəxslər seçilib Höccət tərəfindən bir-bir,
Harda ki, mələklər də "ah" "vay" ilə nalə edir,
Sən də tez tələsginən "Ya Hüseyn, vay"a tərəf,
Eşq karvanı gedir bu gün Kərbəlaya tərəf. Şükür Qafar