✍️ Vəli Əliyev yazır... Azərbaycan muğamı – millətin ruhu, tariximizin səsi, Qarabağın nəfəsi
Mənəvi dəyərlər
Bu gün, 09:47
36
Dünyada elə xalqlar var ki, onları tanıdan təkcə torpaqları, bayraqları və tarixləri deyil, həm də mənəvi sərvətləri olur. Azərbaycan xalqını dünyaya tanıdan ən böyük milli-mədəni sərvətlərdən biri də əsrlərin yaddaşından süzülüb gələn möhtəşəm muğam sənətidir. Muğam sadəcə musiqi deyil. O, xalqımızın ruhunun səsi, sevincinin nəğməsi, kədərinin fəryadı, hikmətinin dili və milli kimliyimizin əbədi möhürüdür.
Muğamın hər bir şöbəsində Azərbaycanın keçdiyi tarixi yol, insanımızın duyğuları, mənəvi aləmi yaşayır. Bu sənət əsrlər boyu ustaddan şagirdə keçərək xalqımızın yaddaşını qorumuş, heç bir dövrün çətinliyi qarşısında məhv olmamışdır.
Tarixçilərin və musiqişünasların fikrincə, muğamın kökləri minilliklər əvvələ, qədim Şərq sivilizasiyalarına qədər uzanır. XII–XIII əsrlərdə Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi və Məhəmməd Füzuli kimi söz dahilərinin poeziyası muğamın inkişafına yeni nəfəs verdi. Muğam zaman keçdikcə Azərbaycan klassik musiqisinin zirvəsinə çevrildi və bu gün də milli musiqimizin əsas sütunlarından biri hesab olunur.
Azərbaycan muğam məktəbləri içərisində Qarabağ, Şuşa, Bakı, Şamaxı, Gəncə və Naxçıvan məktəbləri xüsusi yer tutur. Xüsusilə Şuşa əsrlər boyu "Qafqazın konservatoriyası" adlandırılmış, Azərbaycanın ən qüdrətli xanəndələrini yetişdirmiş müqəddəs sənət ocağı olmuşdur.
Muğam sənətinin yaşamasında böyük ustadların misilsiz xidmətləri vardır. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Keçəçi Məhəmməd, Mütəllim Mütəllimov, Əbülfət Əliyev, Yaqub Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Alim Qasımov və onlarla digər sənətkar Azərbaycan muğamını zirvələrə yüksəldərək gələcək nəsillərə əmanət etmişlər.
Onların hər biri yalnız ifaçı deyil, milli ruhun daşıyıcısı, mənəvi məktəb yaratmış ustadlar olmuşlar. Muğamın sirri notlarda deyil, ürəklərdə yaşadığı üçün bu sənət əsrlərdir yaşayır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndər Heydər Əliyev milli musiqimizin, xüsusilə muğam sənətinin qorunmasını dövlətin mühüm vəzifəsi hesab edir, muğam ustadlarına daim yüksək diqqət və qayğı göstərirdi. Onun uzaqgörən siyasəti nəticəsində milli mədəniyyətimiz yeni inkişaf mərhələsinə qədəm qoydu.
Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə muğam məktəbləri inkişaf etdirilmiş, yeni mədəniyyət ocaqları yaradılmış, muğamın beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm layihələr həyata keçirilmişdir. Ağdam Muğam Mərkəzinin istifadəyə verilməsi də Qarabağın mədəni dirçəlişinin parlaq nümunələrindən biridir.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğamın inkişafı sahəsində xidmətləri isə xüsusi minnətdarlıq hissi ilə qeyd olunmalıdır. Onun təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzi yaradılmış, "Muğam Dünyası" beynəlxalq festivalları keçirilmiş, gənc xanəndələrin yetişməsi üçün geniş imkanlar açılmış, qədim arxiv yazıları bərpa edilərək gələcək nəsillərə çatdırılmışdır.
Məhz bu ardıcıl fəaliyyət nəticəsində Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsərlərindən biri elan edilmiş, 2008-ci ildə isə UNESCO-nun Reprezentativ Siyahısına daxil edilmişdir. Bu, xalqımızın mədəniyyət tarixində böyük qələbələrdən biridir.
Bu gün azad Qarabağda yenidən muğam səslənir. Uzun illər həsrət qalan Şuşanın dağlarında yenidən "Qarabağ şikəstəsi" ucalır. Bu səs artıq yalnız musiqi deyil, Zəfərin səsi, milli qürurun səsi, torpağa qayıdışın səsidir.
Şuşada keçirilən musiqi festivalları, Ağdam Muğam Mərkəzinin fəaliyyəti və Qarabağda həyata keçirilən geniş mədəni layihələr göstərir ki, Azərbaycanın mənəvi dirçəlişi torpaqlarımızın azadlığı ilə bərabər addımlayır.
Muğam Azərbaycan xalqının milli mənəvi pasportudur. O, xalqımızın dini-mənəvi dünyasını, əxlaqını, estetik zövqünü, ədəbiyyatını və tarixini özündə yaşadır. Muğam insanı düşünməyə, səbirli olmağa, Yaradanı dərk etməyə, Vətəni sevməyə çağırır.
Bu gün gənc nəslin muğama marağının artırılması, musiqi məktəblərində və ali təhsil müəssisələrində muğamın öyrədilməsi, yeni xanəndələrin yetişdirilməsi hər birimizin milli borcudur. Çünki muğamı qorumaq yalnız musiqini deyil, bütöv bir xalqın ruhunu qorumaq deməkdir.
Biz inanırıq ki, Azərbaycan var olduqca muğam yaşayacaq. Şuşanın zirvələrindən yüksələn muğam sədaları əsrlər boyu dünyaya xalqımızın zəngin mədəniyyətini, yüksək mənəviyyatını və əzilməz ruhunu çatdıracaq.
Muğam bizim keçmişimizdir, bu günümüzdür və gələcəyimizdir.
Milli Mənəviyyat
müstəqil, beynəlxalq qəzetinin
Baş redaktoru:
Vəli Əliyev



















