✍️Vəli Əliyev yazır... Hacı Şahin Həsənli – xalqın qəlbində yaşayan əsl din alimi və Vətən sevdalısı




Bu gün Azərbaycanın görkəmli din xadimi, ilahiyyatçı, xeyriyyəçi və əsl vətənpərvər ziyalısı Hacı Şahin Həsənlinin doğum günüdür. O, fiziki olaraq aramızda olmasa da, mənəviyyatı, hikmət dolu çıxışları, insanlara sevgisi və Vətənə bağlılığı ilə milyonların qəlbində yaşayır.

Hacı Şahin Həsənli ömrünü İslam dininin əsl mahiyyətini – mərhəməti, sevgini, elmə və əxlaqa çağırışı insanlara çatdırmağa həsr etmişdi. Onun moizələrində nifrət yox idi, birlik vardı. Ayrılıq yox idi, həmrəylik vardı. O, dini milli-mənəvi dəyərlərimizlə vəhdətdə təqdim edir, gəncləri elmə, Vətənə, valideynə hörmətə və yüksək mənəviyyata səsləyirdi.

Məşədi Dadaş məscidinin axundu, imam-camaatı və imam-cüməsi kimi fəaliyyəti dövründə minlərlə insan onun nəsihətlərindən bəhrələndi. "Mənəvi Dünya" İctimai Birliyinin təsisçisi olaraq cəmiyyətimizdə mənəvi dəyərlərin qorunmasına mühüm töhfələr verdi. Qafqaz Müsəlmanları İdarəsindəki fəaliyyəti ilə də dinimizin düzgün təbliğinə vicdanla xidmət etdi.

Hacı Şahin təkcə din xadimi deyildi. O, Azərbaycan dövlətinə sadiq, xalqına bağlı, Vətənini ürəkdən sevən bir ziyalı idi. Çətin günlərdə xalqın yanında olur, insanlara ümid, səbir və birlik aşılayırdı. Onun çıxışlarında Azərbaycan sevgisi, şəhidlərimizə ehtiram və dövlətçiliyimizə sədaqət hər zaman xüsusi yer tuturdu.

Belə şəxsiyyətlər zaman keçdikcə daha da ucalır, xatirələri xalqın yaddaşında əbədiləşir. Hacı Şahin Həsənlinin mənəvi irsi gələcək nəsillər üçün örnək olaraq qalacaq.

Bu əziz gündə böyük din alimini dərin hörmət və ehtiramla yad edir, Uca Allahdan ona rəhmət diləyirik.

Ruhu şad, məqamı cənnət olsun! Allah rəhmət eləsin!

Hörmət və ehtiramla,

Vəli Əliyev
"Milli Mənəviyyat" müstəqil, beynəlxalq qəzetinin Baş redaktoru