✍️Vəli Əliyev yazır... Nehrəmdə Qarşılaşdığım Mənəvi Zənginlik
Gündəm / Mənəvi dəyərlər
Bu gün, 13:33
40
Ulu öndər Heydər Əliyev demişdir: " Nehrəm qeyrətli insanlar kəndidir" . Nehrəmlilər həmişə sədaqəti, mərdliyi ilə seçilmişdir.Bu müdrik fikrin canlı təzahürünü mən bu gün qədim yurd yerlərimizdən biri olan Nehrəm kəndində gördüm və yaşadım.
Həyat insanı müxtəlif ünvanlara aparır, müxtəlif insanlarla qarşılaşdırır. Lakin elə görüşlər olur ki, uzun illər yaddaşlardan silinmir, qəlbdə xoş iz buraxır. Mənim Nehrəm kəndinə ilk səfərim də məhz belə unudulmaz xatirələrlə yadda qaldı.
Bu səfər zamanı Nəcəfovlar ailəsinin qonağı oldum. İlk andan hiss etdiyim səmimiyyət, mehribanlıq və yüksək qonaqpərvərlik məni heyran etdi. Düzü, Nehrəmdə ilk dəfə olurdum. Bu diyar haqqında çox eşitmişdim. Burada insanların bir-birinə bağlılığı, milli adət-ənənələrə sədaqəti, qonağa hörmətlə yanaşması barədə deyilənlərin həqiqət olduğunu öz gözlərimlə gördüm.
Məhəmmədin, atası Hüseyn kişinin və anası Turan xanımın qonağı necə səmimi qarşıladıqları, göstərdikləri diqqət və qayğı Azərbaycan ailə dəyərlərinin ən gözəl nümunələrindən biri idi. Onların gülərüz münasibəti, mehriban söhbətləri və qəlbdən gələn qonaqpərvərliyi sadəcə bir qonaqlıq deyil, həm də yeni bir dostluğun təməlini qoydu.
Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı ən böyük sərvətlərdən biri məhz qonaqpərvərlikdir. Kəndlərimizdə bu dəyərlərin bu gün də yaşadığını görmək qürurvericidir. Nehrəmdə şahidi olduğum mənəvi mühit, insanların bir-birinə olan hörməti, böyüyə ehtiramı, kiçiyə qayğısı xalqımızın milli-mənəvi zənginliyinin göstəricisidir.
Bu gün sürətlə dəyişən dünyada belə dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin borcudur. Nehrəm kəndində gördüyüm birlik, mehribanlıq və səmimiyyət bir daha sübut etdi ki, xalqımızın gücü məhz onun mənəviyyatında, ailə bağlarında və insani münasibətlərindədir.
Nehrəmdən xoş xatirələrlə ayrılıram. Ümid edirəm ki, bu gözəl insanlarla yenidən görüşəcək, onların sevinc günlərində, toy və şadlıqlarında iştirak etmək imkanım olacaq. Qəlbimdə isə Nehrəmin qonaqpərvər insanlarına qarşı dərin hörmət və sevgi yaşayacaq.
Belə insanlar var olduqca, Azərbaycanımızın milli-mənəvi dəyərləri də daim yaşayacaq və gələcək nəsillərə ötürüləcək.
Vəli Əliyev
Milli Mənəviyyat qəzetinin
Baş redaktoru




















