Bir Sükut və İçində Boğulan Sözlər

✍️Vəli Əliyev yazır
Dənizin nəfəsi vardı o kənddə… Dalğalar sahilə toxunduqca sanki Rafo ilə Telonun uşaqlığını pıçıldayırdı. Ayaqları yalın, ürəkləri təmiz, arzuları hələ sınmamış iki uşaq idilər. Eyni çörəyi bölmüş, eyni səmaya baxmış, eyni susqunluqda böyümüşdülər. Dostluq onlar üçün söz deyildi — vərdiş idi, ehtiyac idi, nəfəs idi.
Gənclik çağlarında balıq toru atanda təkcə balıq tutmazdılar, xəyallarını da dənizə salardılar. Uzun gecələr, qısa cümlələr, dərin baxışlar… Bəzən danışmadan da hər şeyi anlayardılar. İnsan belə dostluqları ömür boyu bir dəfə tapar — tapanda da onun qədrini bilməz.
Tale onları daha da yaxınlaşdırdı. Eyni iş, eyni növbə, eyni post… Gecənin səssizliyində bir stəkan çay, yarımçıq bir siqaret, ürəkdən gələn bir ah… Hər şey paylaşılırdı. Kənardan baxanlar deyərdi: “Bunlar dost deyil, bir canın iki parçasıdır.”
Amma bir gün… El içində, sözün yersiz, qürurun isə həddindən artıq olduğu bir an gəldi. Bir cümlə yaraladı, bir baxış yıxdı, bir susqunluq hər şeyi darmadağın etdi. Təkəbbür barışığın yolunu kəsdi. O an uzun illərin xatirəsi sanki bir anda külə döndü.
Sonra telefonlar susdu… O gecələri səhərə bağlayan söhbətlər bitdi. Danışmaq istəyəndə dil dönmədi, barışmaq istəyəndə qürur icazə vermədi. İndi bir baxışlıq salam, yarımçıq bir baş işarəsi qaldı. İnsan ən çox sevdiyini belə itirəndə yox, onun yanında ola-ola uzaq düşəndə yanır.
Rafoş hər şeyi içinə gömdü. Üzündə sakitlik vardı, amma içində qasırğa. Hisslərini boğdu, sanki heç nə olmamış kimi yaşamağa çalışdı. Amma gecələr yastığa baş qoyanda xatirələr gəlirdi — dəniz qoxusu, köhnə gülüşlər, yarımçıq qalan cümlələr… Öz-özünə deyirdi: “Artıq heç nə əvvəlki kimi olmayacaq…”
Telo isə susa bilmədi. Onun qəlbi səsini itirmədi. İçindəki ağrı hərdən “korruq” kimi üzünə vururdu. “Bir qram insafı yoxdur…” — deyə yanıqlı səslə başını yelləyirdi. Köhnə günləri xatırladıqca sinəsi daralırdı. Hər fürsətdə dərdini növbə rəisinə danışır, ürəyini boşaldırdı. Amma bilirdi ki, o boşluq sözlə dolmur.
Bu qırılma Telonu Allaha yaxınlaşdırdı. İnsanlara olan etibarı sarsıldı. Anladı ki, bəzən insanın ən yaxın dostu belə sınağa çevrilir. Ümidlərini insanlardan çəkdi, dostluğu yalnız Allaha bağladı. Dualarında həm sükut vardı, həm də cavabsız suallar.
Rafoş isə kənardan baxdı bu dəyişən Teloya… Heç nə demədi. Deyə bilmədi. Bəlkə də desəydi hər şey dəyişərdi. Bəlkə də artıq çox gec idi. O, hisslərini içində burulğan kimi fırladıb sakitləşdirməyə çalışdı. İçində bir səs pıçıldayırdı: “Bəlkə əvvəlki kimi olmaz… amma bəlkə ondan da yaxşı olar…”
İnsan yaşa dolduqca anlayır: cavanlıqda itirdiklərini qocalıqda axtarır. Səmimiyyəti, anlayışı, bağışlamağı… Bəziləri tapır, bəziləri isə yalnız xatirələrlə yaşamağa məhkum olur.
Rafo ilə Telonun hekayəsi bizə bunu deyir: qürur bir anlıqdır, amma peşmanlıq uzunömürlüdür. Dəyər bilmədiyimiz dostluqlar, gec anlayıb susduqlarımız — ən ağır yük elə bunlardır.
Hər kəsə qırılmadan qorunan qəlb, gecikmədən deyilən söz və mənalı bir ömür arzulayırıq.