Müəllimlərimizi tanıyaq: Mühasibat uçotunda balans, həyatda insanlıq dərsi


✍️Vəli Əliyev yazır



Müəllim var – dərs deyir,
müəllim də var – iz qoyur…
Bu yazımızda məhz ikinci kateqoriyaya aid olan, təvazökarlığı, ana şəfqəti və eyni zamanda prinsipial mövqeyi ilə seçilən, tələbələrinin yaddaşında müəllim sevgisini daim yaşadan bir pedaqoqu tanıyırıq.
Mehribanlığı ilə tələbələrinə ana qayğısı göstərən, lakin eyni zamanda ciddi və tələbkar mövqeyi ilə onları məsuliyyətə alışdıran bu müəllim, auditoriyaya daxil olduğu andan etibarən təkcə fənn yox, həyat dərsi də tədris edir. Onun üçün mühasibat uçotu sadəcə rəqəmlər və hesabatlar deyil – bu, həyatın özündə balansı qorumaq fəlsəfəsidir.
Mühasibat uçotu fənnini iqtisadi biliklərlə yanaşı, mənəvi dəyərlərlə vəhdətdə təqdim etməsi, tələbələrin yalnız peşəkar mütəxəssis kimi deyil, həm də dürüst, məsuliyyətli şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. O, öyrədir ki, necə ki, uçotda balans pozularsa sistem dağılır, eləcə də həyatda ədalət, vicdan və ölçü itərsə, insan özü-özündən uzaq düşər.
Beləliklə, tanıyaq sevimli müəlliməmizi:
Tağızadə Səriyyə Cəfər qızı
Baş müəllim
Səriyyə xanım 15 noyabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Uçot-iqtisad” fakültəsinin “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” ixtisasını bitirmişdir.
1998-ci ildən etibarən müəllim, daha sonra baş müəllim kimi pedaqoji fəaliyyət göstərmişdir. Uzun illərin təcrübəsi, zəngin elmi-pedaqoji fəaliyyəti və məsuliyyətli idarəçilik bacarığı nəticəsində 2016-cı ilin avqust ayından etibarən “İqtisadiyyat və idarəetmə” fakültəsində dekan müavini vəzifəsində çalışır.
Səriyyə Tağızadə 1 dərs vəsaiti, 1 metodik göstəriş, 6 fənn proqramı və 25 elmi məqalənin müəllifidir. O, elmi biliklərini daim yeniləyən, müasir yanaşmaları tədris prosesinə uğurla tətbiq edən müəllimlərdəndir.
Ailəlidir, bir övladı var.
Bu gün onun yetirmələri müxtəlif sahələrdə çalışsalar da, hamısının yaddaşında bir ortaq xatirə yaşayır: qayğıkeş baxışlı, tələbkar, amma ədalətli müəllim obrazı. Çünki həqiqi müəllim təkcə dərs keçmir, o, insan yetişdirir.
Belə müəllimlər var olduqca, təhsil də, cəmiyyət də güclü olacaq.