✍️ Nəriman Həsənzadə – 95 İllik Ömür, Sözə Sədaqət, Vətənə Xidmət
Mənəvi dəyərlər / Elm və Təhsil / Ədəbiyyat
18-02-2026, 22:24
49
✍️Vəli Əliyev yazır
18 fevral 2026-cı il Azərbaycan ədəbiyyatı üçün əlamətdar bir tarixdir. Bu gün milli poeziyamızın qüdrətli nümayəndəsi, sözün keşiyində dayanan böyük sənətkar Nəriman Əliməmməd oğlu Həsənzadənin 95 illik yubileyi tamam olur.
1931-ci il fevralın 18-də Qazax mahalının Poylu qəsəbəsində dünyaya göz açan Nəriman Həsənzadə ömrünü Azərbaycan söz sənətinə, milli-mənəvi dəyərlərimizin yaşadılmasına və ictimai fikrin formalaşmasına həsr etmişdir. O, təkcə şair deyil, həm də dramaturq, alim, ictimai xadim kimi Azərbaycan mədəniyyət tarixində silinməz iz qoymuş şəxsiyyətdir.
Onun yaradıcılığında vətən sevgisi, ana torpağa bağlılıq, insanın mənəvi aləmi, zamanın sınaqları və milli kimlik məsələləri xüsusi yer tutur. Şairin misralarında Azərbaycan torpağının nəfəsi, xalqın ağrısı və sevinci, tariximizin keşməkeşli yolları yaşayır. Onun poeziyası nəsillər arasında körpü, milli ruhun daşıyıcısıdır.
1954-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Nəriman Həsənzadə uzun illər ədəbiyyatımıza və mətbuatımıza rəhbərlik səviyyəsində xidmət göstərmiş, 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, 1991–2001-ci illərdə isə Mətbuat və İnformasiya nazirinin birinci müavini kimi dövlətçiliyimizin möhkəmlənməsinə töhfələr vermişdir.
O, Azərbaycanın Xalq şairi fəxri adına, “Şöhrət”, “Şərəf”, “İstiqlal” və “Heydər Əliyev” ordenlərinə, eləcə də Heydər Əliyev mükafatına layiq görülmüşdür. Bu təltiflər bir sənətkarın dövlət və xalq qarşısında xidmətlərinin rəsmi təsdiqidir.
95 il — bir əsrə yaxın ömür yolu!
Bu ömür yolunda sözə sədaqət, Vətənə məhəbbət, milli dəyərlərə bağlılıq əsas mayak olmuşdur.
Azərbaycan ədəbi ictimaiyyəti olaraq böyük sənətkarı 95 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, mənəvi rahatlıq və yaradıcılıq eşqi arzulayırıq.
Sözünüz daim yaşayacaq, ustad!
Yubileyiniz mübarək olsun! ✨


















