Quba Palace Hotel-də şöbələrarası futbol turnirinin qalibi – Maliyyə şöbəsi
İdman
Dünən, 07:18
40
Azərbaycanın turizm sektorunda özünəməxsus mövqeyi ilə seçilən Quba Palace Hotel ölkəmizin ən nüfuzlu və lüks istirahət mərkəzlərindən biri kimi fəaliyyət göstərir. Quba şəhərinin əsrarəngiz təbiəti qoynunda yerləşən bu beşulduzlu hotel geniş və yaşıllıqlarla zəngin ərazisi, müasir infrastrukturu, 18 dəlikli qolf meydançası, idman və əyləncə imkanları ilə qonaqlarına yüksək səviyyəli xidmət təqdim edir. Lakin hotelin uğur formulu yalnız komfort və xidmətlə məhdudlaşmır – burada insan amilinə, kollektiv ruhuna və sağlam iş mühitinə xüsusi önəm verilir.
Məhz bu prinsiplərə sadiqliyin bariz nümunəsi olaraq hotel rəhbərliyinin təşəbbüsü ilə şöbələrarası futbol turniri təşkil olunmuşdur. Turnirdə hotelin müxtəlif struktur bölmələrinin əməkdaşları iştirak etmiş, meydanda əsl idman ab-havası yaşanmışdır. Oyunlar gərgin mübarizə, qarşılıqlı hörmət və yüksək komanda ruhu şəraitində keçmişdir.
Yarışın əsas məqsədi kollektiv daxilində həmrəyliyi möhkəmləndirmək, əməkdaşlar arasında ünsiyyəti gücləndirmək və sağlam həyat tərzini təşviq etmək olmuşdur. İdmanın birləşdirici gücü bir daha öz təsdiqini tapmış, iş mühitindən kənarda qurulan komanda əlaqələri əməkdaşlıq münasibətlərinə də müsbət təsir göstərmişdir.
Turnirin yekun nəticələrinə əsasən, Maliyyə şöbəsinin komandası yüksək oyun nümayiş etdirərək birinci yerə layiq görülmüş və çempion adını qazanmışdır. Komandanın inamlı çıxışı, taktiki hazırlığı və meydandakı intizamı onların qələbəsini şərtləndirən əsas amillərdən olmuşdur.
Xüsusilə qeyd olunmalıdır ki, Maliyyə şöbəsində Xəzinədar vəzifəsində çalışan Famil Fətullayev turnirdə fəallığı və yüksək performansı ilə seçilmiş, göstərdiyi əzm və idman ruhuna görə xüsusi mükafata layiq görülmüşdür. O, həmçinin Milli Mənəviyyat müstəqil beynəlxalq qəzetinin Şimal regionu üzrə təmsilçisi kimi də ictimai fəaliyyəti ilə tanınır. Onun bu uğuru həm iş yoldaşları, həm də onu tanıyanlar üçün qürurverici hadisədir.
Belə idman tədbirləri kollektiv daxilində motivasiyanı artırmaqla yanaşı, qarşılıqlı dəstək və əməkdaşlıq prinsiplərini daha da möhkəmləndirir. Quba Palace Hotel-də keçirilən bu turnir bir daha sübut etdi ki, əsl uğur yalnız iş masası arxasında deyil, komanda ruhunda, birlik və həmrəylikdə qazanılır.
Qalib komandanın bütün üzvlərini, xüsusilə Famil Fətullayevi səmimi-qəlbdən təbrik edir, hotel kollektivinə yeni-yeni nailiyyətlər və uğurlar arzulayırıq.
Baş redaktor:
Vəli Əliyev


















