Mənəvi yorğunluq

✍️Vəli Əliyev yazır
İnsan bəzən səs-küyün içində deyil, sükutun dərinliyində yorulur. Ətraf sakitdir, həyat axarındadır, amma insanın içində nəsə ağır-ağır çökməyə başlayır. Bu çökmənin adı nə xəstəlikdir, nə də tənbəllik — bu, mənəvi yorğunluqdur.
İnsan üçün ən böyük sınaq həyatın çətinliyi deyil, başqa insanlarla münasibətdir. Daş dözüləndir, yol keçiləndir, zaman ötüb keçir. Amma insanın insana toxunuşu iz buraxır — bəzən şəfa, bəzən yara.
Fəlsəfə deyir ki, insan sosial varlıqdır. Amma həyat göstərir ki, insan eyni zamanda bir-birini ən tez tükədən varlıqdır. Çünki insanlar bir-birindən anlayış yox, nəticə gözləyir. Dərdi dinləmək yox, tez həll etmək istəyir. Halbuki hər dərdin cavabı olmur, bəzən sadəcə qəbul olunmaq kifayətdir.
Münasibətlərdə ən çox itən dəyər dinləmək mədəniyyətidir. İnsanlar danışır, amma eşitmir. Cavab verir, amma anlamır. Qarşısındakını başa düşmək üçün yox, öz haqlı mövqeyini qorumaq üçün münasibət qurur. Beləcə, münasibət ünsiyyətə yox, mübahisəyə çevrilir.
İnsan insana güzgüdür. Qarşımızdakında gördüyümüz çox vaxt onun yox, öz daxili vəziyyətimizin əksidir. Dözümsüzlük, tələskənlik, biganəlik — bunlar münasibət adı altında bir-birimizə ötürdüyümüz gizli yorğunluqlardır.
Ən ağır münasibətlər səsli olanlar deyil, sükutla davam edənlərdir. Danışılmayan incikliklər, açılmayan qəlblər, “sonra danışarıq” deyə ertələnən həqiqətlər insanın içində dərin məsafə yaradır. Bu məsafə nə zamanla, nə də vərdişlə bağlanır.
Fəlsəfi baxışla desək, insanın azadlığı başqasının azadlığında başlayır. Amma biz çox vaxt sevdiklərimizi belə öz gözləntimizin əsiri edirik. Sevirik, amma olduğu kimi yox, istədiyimiz kimi. Və sonra anlaşılmadığımızdan şikayət edirik.
İnsanlar bir-birinin dərmanı da ola bilər, dərdi də. Seçim münasibətin niyyətində gizlidir. Əgər münasibət dəyər üzərində qurularsa, insan insana yük olmaz. Əks halda, ən yaxın olan belə ən ağır daş kimi çiyinə çökər.
Bəlkə də insanın insandan gözlədiyi çox şey deyil — bir az anlayış, bir az səbr, bir az da mərhəmət. Çünki insanı yaşadan münasibətin çoxluğu yox, dərinliyidir.