AUDİTORİYASINDA TƏLƏBƏ OLMAQ QÜRURDUR!
Mənəvi dəyərlər / Elm və Təhsil
Dünən, 23:55
57
Səmimi, mehriban və elmə könül verən bir müəllim portreti
Bəzən auditoriyaya daxil olursan və anlayırsan ki, burada təkcə dərs keçilmir. Burada düşüncə formalaşır, dünyagörüş genişlənir, elm insanın ruhuna hopur. Məhz belə auditoriyaların sahiblərindən biri də Azərbaycan təhsilinin və iqtisad elminin tanınmış simalarından olan Əliyeva Gülbəniz Tofiq qızıdır.
1967-ci ildə Bakı şəhərində dünyaya göz açan Gülbəniz xanım hələ məktəb illərindən çalışqanlığı və biliyə sevgisi ilə seçilmiş, 1984-cü ildə Bakı şəhər 7 saylı orta məktəbi qızıl medalla bitirmişdir. Bu medal sadəcə bir uğur deyil, gələcək elmi yolun ilk rəmzi idi.
1989-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun “Mühəndis iqtisadiyyatı” fakültəsini fərqlənmə diplomu ilə başa vurması, onun məqsədyönlü və prinsipial elmi mövqeyinin göstəricisi oldu. Elmi axtarışlar onu dayandırmadı. 1995-ci ildə bazar iqtisadiyyatı şəraitində Azərbaycanın neft maşınqayırması sahəsinə həsr olunmuş namizədlik dissertasiyasını müdafiə edərək, gənc yaşlarında elmi ictimaiyyətin diqqətini çəkdi.
23 illik müəllimlik fəaliyyəti təkcə illərin sayı deyil – bu, yüzlərlə tələbənin taleyinə toxunan, onlara yol göstərən, düşünməyi öyrədən bir ömür yoludur. Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlikdən dosentliyə qədər yüksələn Gülbəniz Əliyeva, fakültə və kafedra səviyyəsində məsul vəzifələrdə çalışaraq, təhsilin təşkilində nümunəvi mövqe sərgiləmişdir.
Onun elmi yaradıcılığı da zəngindir. İqtisadiyyatın müxtəlif sahələrinə dair 50-dən artıq elmi məqalə və tezisin müəllifi, beynəlxalq konfransların fəal iştirakçısı, xarici ölkələrdə çıxış edən, elmi tribunada Azərbaycan elmini layiqincə təmsil edən ziyalıdır. İngilis dilində beynəlxalq jurnalda dərc olunan genişhəcmli məqaləsi bunun bariz nümunəsidir.
2011-ci ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunması, əslində, bir müəllim əməyinə verilən dövlət qiymətidir. Sonrakı illərdə Lənkəran Dövlət Universitetində kafedra müdiri, daha sonra isə “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı kimi fəaliyyəti onun təşkilatçılıq və liderlik keyfiyyətlərini bir daha sübut etdi.
Xüsusilə qeyd olunmalıdır ki, Gülbəniz xanımın dərsləri sadəcə proqram mövzuları ilə məhdudlaşmır. Onun auditoriyasında tələbə özünü dəyərli hiss edir, sual verməkdən çəkinmir, düşünməyə təşviq olunur. Mehribanlığı, səmimiyyəti və eyni zamanda tələbkarlığı onu tələbələrin yaddaşında MÜƏLLİM anlayışının əsl simasına çevirir.
Belə müəllimlər universitetin deyil, bütöv cəmiyyətin qazancıdır. Çünki onlar təkcə iqtisadçı yox, məsuliyyətli, düşünən və vətəninə faydalı insan yetişdirirlər.
İmza:
Vəli Əliyev
31.01.2026

















