✍️Vəli Əliyev yazır... Kiçik səbəblərdən böyük xoşbəxtlik hissini yaşamağın sirri...
Mənəvi dəyərlər
Dünən, 14:04
46
Müasir insanın ən böyük faciələrindən biri xoşbəxtliyi uzaqlarda axtarmasıdır. Sanki hamımız düşünürük ki, böyük evimiz olanda, bahalı maşın aldıqda, yüksək vəzifəyə çatdıqda və ya həyat bütün arzularımızı yerinə yetirdikdə xoşbəxt olacağıq. Halbuki həyatın ən böyük sirri tamam başqa yerdə gizlənib — kiçik səbəblərdə...
Bir fincan isti çayın qoxusunda...
Ananın “özündən muğayat ol” sözündə...
Uşağın səbəbsiz gülüşündə...
Yağışdan sonra torpaq qoxusunda...
Uzun ayrılıqdan sonra doğma insanın səsini eşitməkdə...
İnsan çox vaxt həyatın böyük möcüzələrini gözlədiyi üçün gündəlik möcüzələri görmür. Halbuki ruhu yaşadan, qəlbi isidən məhz o kiçik anlardır. Böyük xoşbəxtliklər insanın həyatına nadir hallarda gəlir, amma kiçik sevinclər hər gün qapımızı döyür. Sadəcə biz onları hiss etməyi unutmuşuq.
Bu gün insanlar daha çox qazanır, amma daha az sevinir. Daha çox danışır, amma daha az anlayır. Daha çox paylaşır, amma daha az hiss edir. Çünki xoşbəxtliyi maddiyyatın içində axtaran insan mənəviyyatın səsini eşidə bilmir. Ruh isə bahalı şeylərlə deyil, səmimiyyətlə qidalanır.
Əslində xoşbəxtlik insanın baxış bucağıdır. Eyni yağış birinə qaranlıq görünər, digərinə romantika. Eyni həyat birinə yük olar, digərinə nemət. Deməli, məsələ həyatın necə olmasında yox, insanın ona necə baxmasındadır.
Bəzən bir ağacın altında sakitcə oturmaq, köhnə xatirələri düşünmək, uşaqlıq şəkillərinə baxmaq belə insanın ruhunu sağalda bilir. Çünki insanın daxilində daim sevgi, diqqət və mənəvi istilik aclığı var. Bu aclığı nə pul doyura bilir, nə şöhrət, nə də saxta münasibətlər.
Kiçik səbəblərdən xoşbəxt olmağı bacaran insan həyatdan inciməz. Çünki o anlayır ki, həyat bütöv halda möcüzədir. Səhər gözünü açmaq, nəfəs almaq, sevdiklərinin varlığını hiss etmək belə böyük nemətdir. İnsan bunları itirəndən sonra yox, sahib olduğu anda qiymətini bilməlidir.
Bu gün bir çox insanın üzü gülür, amma ruhu yorğundur. Çünki xoşbəxtlik görüntü deyil, daxili rahatlıqdır. İnsan bəzən minlərlə insanın içində özünü tənha hiss edir, bəzən isə bir doğma söz bütün qaranlığını işıqlandırır.
Həyat bizə öyrədir ki, böyük xoşbəxtliklər kiçik anların içində gizlənir. Bir təşəkkürdə, bir salamda, bir mehriban baxışda, bir səmimi söhbətdə...
Bəlkə də xoşbəxtliyin sirri budur:
Azla sevinməyi bacarmaq...
Kiçik şeylərin qədrini bilmək...
Və hər günün içində gizlənən ilahi gözəlliyi görə bilmək...



















