✍️Vəli Əliyev yazır... Daşa danışan insan, yoxsa susan cəmiyyət?
Mənəvi dəyərlər
Dünən, 22:10
30
Bəzən bir şəkil minlərlə cümlədən daha çox həqiqəti danışır. Son günlər sosial mediada yayılan həmin görüntü – parkda oturub bir heykəllə söhbət edən kişinin şəkli – əslində müasir insanın iç dünyasının fəryadıdır. Kimi buna gülüb keçdi, kimi “dəli” dedi, kimi də sadəcə baxıb susdu. Amma az adam düşündü ki, bəlkə o kişi daşla yox, insanların daşlaşmış qəlbi ilə danışır...
İnsan yaranış etibarilə ünsiyyət üçün var olub. Hər bir insanın başqa bir insana mənəvi ehtiyacı var. Dərdini bölüşməyə, dinlənilməyə, anlayış görməyə ehtiyacı var. Çünki insanı ayaqda saxlayan təkcə çörək deyil, həm də bir “mən səni başa düşürəm” cümləsidir. Təəssüf ki, zaman keçdikcə insanlar bir-birinə yaxın olmaq əvəzinə daha da uzaq düşdülər. Evlər böyüdü, ürəklər kiçildi. Dost siyahıları artdı, amma dərd danışacaq adam azaldı.
Bu gün bir çox insan içində qopan fırtınaları gizlətməklə yaşayır. Çünki danışanda qınanır, lağa qoyulur, sirri yayılır, zəif hesab olunur. İnsanlar artıq dinləmək üçün yox, cavab vermək üçün qulaq asırlar. Hamı danışır, amma heç kim eşitmir. Belə olan halda insan gedib bir heykəlin yanında oturursa, buna təəccüblənmək yox, utanmaq lazımdır.
Çünki o daş heykəl heç olmasa susub dinləyir…
Qınamır.
Sözünü yarıda kəsmir.
Dərdini sabah gedib başqasına danışmır.
İnsanın ən böyük faciəsi tənha qalması deyil. Ən böyük faciə insanların içində olub özünü tək hiss etməsidir. Bəzən adamın ürəyi o qədər dolur ki, danışmasa partlayacaq kimi olur. Amma qarşısında onu anlayacaq bir insan tapmayanda, içindəki ağrını gedib bir ağaca, bir dənizə, bir küçəyə, hətta bir daş parçasına danışır. Çünki dərd paylaşılmayanda insanın ruhunu içəridən yavaş-yavaş çürüdür.
Əslində həmin görüntü bir kişinin yox, bütöv bir cəmiyyətin şəklidir. Hamımız bir az o adamıq. Sadəcə kimimiz dərdini içində boğur, kimimiz gecələr yastığa danışır, kimimiz də səssiz bir heykəlin yanında təsəlli axtarır.
İnsan insan üçün yaradılıb. Bir insanın əlindən tutmaq, onu dinləmək, “yanındayam” demək bəzən ən böyük yaxşılıqdır. Çünki bəzi yaraları nə dərman sağaldır, nə zaman… Bəzi yaraları yalnız səmimiyyət sağaldır.
Bu dünyada ən ağır yük danışa bilmədiyin dərddir. Və ən böyük yoxsulluq pul yox, anlayış yoxsulluğudur.
Kaş insanlar bir-birinə heykəllər qədər sakit, ağaclar qədər səbirli, torpaq qədər mərhəmətli ola biləydi… O zaman heç kim dərdini daşlara danışmazdı.


















