QƏHRƏMANLIQ NÜMUNƏSİ – XİDMƏTİ BORCUNU CANI İLƏ YERİNƏ YETİRƏN İNSAN
Mənəvi dəyərlər
Dünən, 09:24
478
Azərbaycan cəmiyyətində vətənə, xalqa və insanlara xidmət anlayışı hər zaman yüksək dəyərləndirilib. Bu dəyərlərin canlı təcəssümünə çevrilən igidlərdən biri də Piriyev Hakim Şahlar oğludur.
Piriyev Hakim Şahlar oğlu 1983-cü ildə Neftçala rayonunun Şorkənd kəndində dünyaya göz açıb. 1989-cu ildə M. Muradxanov adına 6 saylı tam orta məktəbin birinci sinfinə daxil olub, 1998-ci ildə həmin məktəbi uğurla başa vurub. Uşaqlıq və gənclik illərindən ailəsinə bağlı, zəhmətkeş və məsuliyyətli bir insan kimi tanınıb.
2002-ci ilin yanvar ayında Göytəpə sərhəd qoşunlarında hərbi xidmətə başlayan Hakim, 2003-cü ilin iyulunda xidmətini layiqincə başa vuraraq mülki həyata qayıdıb. Vətənə xidmət onun həyat amalına çevrildiyindən, 2004-cü ildən etibarən Fövqəladə Hallar Nazirliyində xidmətə başlayıb.
Xidməti dövründə o, hər zaman məsuliyyətli, çevik və diqqətli əməkdaş kimi seçilib. Onun üçün verilən hər bir tapşırıq sadəcə vəzifə deyil, həm də vicdan məsələsi idi. İnsan həyatını xilas etmək, təhlükənin qarşısını almaq onun həyat fəlsəfəsinə çevrilmişdi.
22 illik xidmət yolu Hakim Piriyevin fədakarlıq salnaməsinə çevrildi. Nəhayət, bir gün həyəcan siqnalı çalındıqda, o, hər zamankı kimi tərəddüd etmədən yanğının baş verdiyi əraziyə yollandı. Xidməti vəzifəsini yerinə yetirərkən, alovun içində insan həyatını qorumaq uğrunda mübarizə aparan bu cəsur insan qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
Onun həyatı bir nümunə, ölümü isə bir dərs oldu – vətənə və xalqa xidmət yolunun ən ali mərtəbəsi fədakarlıqdan keçir.
Bu gün Piriyev Hakim Şahlar oğlu fiziki olaraq aramızda olmasa da, onun xatirəsi ürəklərdə yaşayır. O, iki azyaşlı övladına, ailəsinə və bütöv bir xalqa şərəfli bir ömür və qürurverici bir ad miras qoydu.
Belə igidlərin həyatı unudulmur, onların adı tarixə yazılır. Hakim Piriyev də xalqımızın yaddaşında qəhrəmanlıq simvolu kimi yaşayacaq.
Ruhun şad olsun, qəhrəman!
Baş redaktor
Vəli Əliyev


















