Əzbərçi yetişdirən Universitetlər: Düşünməyən “Mütəxəssislər” Fabriki


✍️Vəli Əliyev yazır
Azərbaycan universitetləri bu gün təhsil ocağından çox əzbər zavodunu xatırladır. Burada düşünən beyin deyil, yaddaşı güclü olan tələbə “uğurlu” sayılır. Elm yox, mətn; fikir yox, sitat; şəxsiyyət yox, cavab şablonu qiymətləndirilir.
Ən acınacaqlısı isə budur ki, vaxtilə bəyənmədiyimiz, tənqid etdiyimiz sovet təhsil sistemində belə insan amili, fərdi düşüncə, şəxsi mövqe bu qədər tapdalanmırdı.
Sovet sistemi: sərt idi, amma adam yetişdirirdi
Bilet çəkib üz-üzə imtahan verən tələbə sadəcə cavab demirdi. O, danışırdı, sübut edirdi, səhv edirdi, düzəldirdi. Müəllim tələbəni dinləyir, əlavə sual verirdi, onun dünya görüşünü, məntiqini, etik davranışını, öz fikrini ifadə etmə bacarığını ölçürdü.
Çünki anlayırdılar:
cəmiyyətə yalnız diplomlu deyil, düşünən mütəxəssis lazımdır.
Bugünkü sistem: kompüterə danışan tələbə, susan müəllim
Bu gün isə tələbə kompüterə cavab verir, müəllim də kompüter nəticəsinə səcdə edir. Müəllim dinləmir, mübahisə etmir, tələbənin düşüncəsini yoxlamır. Cavab yalnız mühazirədəki cümlə ilə üst-üstə düşərsə qiymətlidir.
Hətta çox vaxt imtahanı qeyri-ixtisas müəllimi yoxlayır. Fənnin ruhunu bilməyən adam mətn oxşarlığına qiymət verir. Nəticə?
— Düşünən tələbə cəzalanır
— Əzbərləyən tələbə mükafatlandırılır
Bu, artıq təhsil deyil, mexaniki seçmə sistemidir.
İran modeli: əzbər var, anlayış yoxdur
Bu sistem mahiyyətcə İranın molla rejiminin təhsil modelinə bənzəyir. Orada “Hafizi-Quran”lar yetişdirilir — Quranı əzbər bilirlər, amma mənasını anlamırlar. Ayəni deyirlər, amma hikmətini dərk etmirlər.
Azərbaycan universitetlərində də eyni mənzərə hökm sürür:
Lazımlı-lazımsız materiallar əzbərlədilir
Mənası yox, mətni soruşulur
Təhlil yox, sitat tələb olunur
Tələbə 51%-i keçir, diplom alır, amma:
problem həll edə bilmir
fikir irəli sürə bilmir
peşə etikası, ictimai davranış, məsuliyyət anlayışı yoxdur
Bu necə mütəxəssisdir?
Ədalətsizliyin zirvəsi: fikri olan uduzur
Ən faciəvi məqam budur:
Tələbə mövzunu başa düşür, öz fikrini geniş və əsaslandırılmış şəkildə izah edir, amma mühazirədəki cümləni eyni ilə demədiyi üçün aşağı qiymət alır.
Yəni sistem tələbəyə açıq mesaj verir:
“Düşünmə. Anlama. Sadəcə əzbərlə.”
Bu isə təhsilin yox, təfəkkürün qətlidir.
Nəticə: gənclərin ölkədən üz döndərməsi
Sonra da təəccüblənirik ki:
Gənclər niyə xaricdə oxumaq istəyir?
Fürsət tapan niyə ölkəni tərk edir?
Niyə vətənə nisgət yaranır, amma geri dönüş yoxdur?
Çünki bu sistem gəncə ümid yox, məyusluq verir.
Bu universitetlər insan yetişdirmir, insanı sistemə qurban verir.
Sual açıq qalır
Əgər universitet:
düşünməyi öldürürsə
əzbəri elm kimi təqdim edirsə
müəllimi dinləyən yox, yoxlayan məmura çevirirsə
onda bu qurumun adı universitetdir, yoxsa diplom paylama məntəqəsi?
Bu sualın cavabı verilməyənə qədər, nə keyfiyyətli kadr olacaq, nə də gələcəyə inanan gənc.