Abşeronun səhiyyəsi iflic vəziyyətində: mərkəzləşmə adı altında əhaliyə əzab... Cənab Prezident İlham Əliyevə və hörmətli Mehriban xanıma müraciət

Abşeronun səhiyyəsi iflic vəziyyətində: mərkəzləşmə adı altında əhaliyə əzab...      Cənab Prezident İlham Əliyevə və hörmətli Mehriban xanıma müraciət


Abşeron rayonu faktiki olaraq Bakı ətrafında ən sürətlə böyüyən, əhalisi hər il minlərlə artan rayonlardan biridir. Rayonun inzibati bölgüsü də bunu açıq göstərir: 1 şəhər – Xırdalan, 8 qəsəbə və 6 kənd. Bu qədər yaşayış məntəqəsini, yüz minlərlə əhalini əhatə edən bir rayon üçün səhiyyə xidmətinin bugünkü vəziyyəti sadəcə qənaətbəxş deyil, açıq-aşkar qəbuledilməzdir.

Poliklinikalar niyə ləğv edildi?

TƏBİB yaradıldıqdan sonra Abşeronun qəsəbə və kəndlərində illərlə fəaliyyət göstərən poliklinikalar bir-bir fəaliyyətsiz hala salındı, həkimlərin böyük əksəriyyəti isə Masazır kəndində yerləşən Abşeron Mərkəzi Xəstəxanasına cəmləndi. Bununla da, səhiyyə “təkmilləşdirilmədi”, əksinə insanlar üçün əlçatmaz edildi.

Bu gün:

Xırdalan şəhərinin,

Ceyranbatanın,

Sarayın,

Mehdiabadın,

Qobunun,

Digahın,

Güzdəkin,

Hökməlinin,

eləcə də
Masazır,
Fatmayı,
Məmmədli,
Görədil,
Pirəkəşkül və
Novxanı sakinlərinin
hamısı bir ünvana – Masazıra getməyə məcburdur.


3000 müraciət – bir xəstəxana

Hər gün 3000-ə yaxın müraciətin edildiyi deyilən Abşeron Mərkəzi Xəstəxanasında:

bir fizoterapiya otağına bütün rayon növbə gözləyir;

həkim qəbuluna düşmək üçün saatlarla, bəzən günlərlə gözləmək lazım gəlir;
növbələrin uzunluğundan bezən xəstələr müalicə almadan geri qayıdır.

Bu, səhiyyə deyil – bu, insan səbrinin sınağa çəkilməsidir.

Şəkər xəstələri üçün dərman zülmü

Ən ağrılı məsələlərdən biri də şəkər xəstələridir. İnsanlar səhər tezdən axşama qədər dərman növbəsində dayanır, sonda isə ya dərman qurtarır, ya da özləri taqətdən düşüb geri dönürlər. Halbuki bu xidmətlər qəsəbə poliklinikalarında verilsəydi, nə Masazıra axın olar, nə də bu əzab yaşanardı.

Təcili yardım – amma təcili deyil

Təcili tibbi yardıma getmək üçün mövcud marşrutu absurd həddədir
Xırdalandan təcili yardıma getmək üçün:

Masazır dairəsində tıxacdan keçmək ,Xırdalana getmək üçün isə
Bakı–Quba magistral yolunu keçmək,
Saraya uzanan yol ilə geri qayıtmaq tələb olunur.


Bu hansı məntiqlə “təcili” adlandırılır?
Axı vaxtilə təcili yardım Xırdalanın özündə idi.

Ambulator xəstələr faktiki müalicəsiz qalır

Digər ciddi problem:

ambulator xəstələrə iynə müalicəsi ya ümumiyyətlə yazılmır, yada yazılanda isə nə xəstəxanada, nə də təcili yardımla vurmurlar iynələri.

Cavab isə standartdır:

“Gərək stasionar yatış olsun.”

Amma stasionar müalicə almaq istəyənə də:

“Yer yoxdur” – deyilir.


Beləliklə xəstə iki arada qalır: nə yatızdırılır, nə də müalicə edilir.



Aidiyyati qurumlara açıq müraciyyət

Biz yeni xəstəxanalar tələb etmirik,

fantastik layihələr istəmirik,

Sadəcə əvvəllər mövcud olan poliklinikaların fəaliyyətinin bərpasını istəyirik.
Xəstə öz qəsəbəsində:

əsas müayinədən keçsin,

dərmanını alsın,

iynə ilə yazılan anbulator müalicəsini və ilkin tibbi yardımını alsın.

Bu, nə lüksdür, nə də artıq tələb – bu, insanın ən təməl haqqıdır.



Cənab Prezident İlham Əliyevə və hörmətli Mehriban xanıma müraciət

Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım!

Sizin daim səhiyyənin əlçatanlığı, insan amili və sosial ədalət barədə vurğuladığınız prinsiplər Abşeron rayonunda hazırda tam şəkildə pozulmuş vəziyyətdədir. Sizin iradəniz və diqqətiniz olmasa, bu problem yerli səviyyədə həll edilmir.

Sizdən xahiş edirik:

Abşeron rayonunda səhiyyə xidmətlərinin mərkəzləşmə adı altında iflic edilməsinə diqqət yetirəsiniz;

Xırdalan şəhərində və qəsəbələrdə ləğv edilən poliklinikaların bərpası ilə bağlı göstəriş verəsiniz;

insanların saatlarla yol və növbə əzabı çəkmədən tibbi xidmət almasına şərait yaradılsın.

Biz inanırıq ki, Sizin müdaxiləniz olmadan bu problem çözülməyəcək, amma Sizin diqqətinizlə bu ədalətsizlik aradan qalxacaq.

Hörmətlə və ümidlə

Milli Mənəviyyat
müstəqil ,beynəlxalq qəzetinin
Baş redaktoru:
Vəli Əliyev