BƏZƏN BİR DOST ZƏNGİ KİFAYƏT EDİR…
Mənəvi dəyərlər
7-12-2025, 10:43
56
Dostum EMİL Vəliyevin statusuna xitab— dostluğun mənəvi yükü və insan ruhuna təsiri haqqında:
İnsanın həyatda qazandığı ən böyük nemətlərdən biri, heç şübhəsiz ki, səmimi dostdur. Elə dost ki, varlığı ilə ümid verir, səsi ilə içindəki qaranlığı işıqlandırır, bir zəngi ilə bütün yorğunluğunu, bütün tərəddüdlərini dağıdır. Bəzən heç mövzunun, sözün də önəmi qalmır. Telefon ekranında adını görmək, səsin tanış istiliyini eşitmək kifayət edir ki, insan üzündəki bütün yükləri yerə qoysun.
Deyirlər, dosta gedən yol paltardan başlamır, könüldən başlayır,ürəkdən keçir. Elə buna görədir ki, bəzən elə olduğun qiyafədə, üstünü-başını düşünmədən-düzəltmədən, heç nəyin hesabatını vermədən çölə çıxırsan — bir stəkan çayın buxarında, dostun səmimi baxışlarında özünü yenidən tapmaq üçün.
Dostun yanında insan nə qədər sərbəst, azad, rahatdırsa, o qədər də güclüdür. Çünki dost əvəzolunmaz dayaqdır — tərifinə ehtiyacı olmayan, şişirdilməyən, lakin dərin və uca bir mənəvi məna daşıyan bağdır. Həyatın yorucu tərəfləri, sosial qayğılar, dünyanın sürətinə uymayan zamanlar insanı əzə bilər; amma bir dost sözü, bir dost baxışı adamı yenidən həyata bağlayır.
Həqiqi dost insanın ruhunun güzgüsüdür. Səni sən kimi qəbul edən, eybinlə, səhvinlə, sevincinlə, dərdinlə qəbul edən yeganə insandır. Necə ki, səmimiyyət üçün protokol tələb olunmur, dostluq üçün də hazırlıq lazım deyil. Həm də elə dostluq odur ki, oturduğun yerin, içdiyin çayın dadı belə dəyişir — çünki həmin an artıq tək deyilsən.
Belə dostlarla içilən çay daha isti, danışılan söz daha dəyərli, çəkilən yol daha qısa, paylaşılan anlar daha mənalı olur. İnsan həyatda çox şey qazana bilər, lakin bir səmimi dostun qazandırdığı mənəvi rahatlığı heç nə əvəz etmir.
Bu gün bir dostun zəngi ilə yola çıxmaq, sadə bir çay süfrəsində dərdləri bölüşmək, gülüşləri qarışdırmaq elə böyük nemətdir ki… Hər şeyin süni, tələsik və hesablama ilə baş verdiyi bir dövrdə, dostun varlığı insanın ruhuna çəkilən təbii nəfəsdir.
Və bəzən, doğrudan da, bir dost zəngi kifayət edir…
İnsanın yenidən özünə qayıtması, içini işıqla doldurması üçün.
VƏLİ ƏLİYEV
07.12.2025

















