Həssas insanla dostluq – səssiz bir əmanətdir. Vəli Əliyev yazır...





Onlar çox danışmaz, amma çox hiss edərlər. Sözlərdən çox pauzalara inanırlar. Bir cümlənin içində deyil, onun deyilməyən yerində həqiqəti axtarırlar. Belə insanlarla dost olmaq sadəcə yaxınlıq deyil — məsuliyyətli bir yaxınlıqdır.

Həssas insan hər kəsə “dost” deməz.
Amma birinə “özüm” dedisə, bilin ki, o sözü asan verməyib.

“Özüm” demək nədir?

Bu, bir insana ürəyinin qapısını açmaqdır.
Orada səliqə də var, dağınıqlıq da…
Qorxu da var, uşaq saflığı da…
Və ən təhlükəlisi — inanmaq istəyi var.

Həssas insan üçün dost o vaxt “özüm” olur ki:

– Danışanda sözünü kəsmir,
– Susanda səni tək buraxmır,
– Güldüyünə sevinir, amma gülüşünün altındakı yorğunluğu da görür,
– Sənin zəif anlarını başqasına mövzu etmir,
– Səni dəyişməyə yox, olduğun kimi saxlamağa çalışır.

Bəzən insanın içində elə yaralar olur ki, onların adı yoxdur.
Həssas insan o yaraları adlandırmağı yox, örtməyi bacaranı “özüm” deyə çağırır.

Bu yaxınlıq günlərin sayı ilə ölçülmür.
İllərlə tanıyıb yad qaldıqlarımız var,
bir gecəlik söhbətdə doğmalaşdıqlarımız da…

“Özüm” dediyin insanın yanında özünü yığışdırmazsan.
Düzəltməzsən cümləni, gizlətməzsən hissini.
Ağlayanda üzr istəməzsən,
yorulanda izah verməzsən.

Çünki bilirsən:
Səni sındırmaz.
Səni başqasına çevirməz.
Səni yarı yolda qoymaz.

Həssas insan üçün “özüm” — təhlükəsiz limandır.
Ora qayıdanda maska çıxarılır,
ürək rahat nəfəs alır.

Və bir həqiqət var, dostum:
Hər kəs sevilə bilər,
amma hər kəsə etibar edilməz.

“Özüm” deyilən adam — etibarın adıdır.

O ada layiq olmaq üçün mükəmməl olmaq lazım deyil.
Sadəcə sadiq, dürüst və incitməməyə niyyətli olmaq kifayətdir.

Çünki həssas insan bir dəfə sındımı —yenidən inanmağı öyrənmir,
sadəcə susmağı öyrənir…