✍️ Vəli Əliyev yazır... Azərbaycan poeziyasının nəhəng çinarı – Nəriman Həsənzadə əbədiyyətə qovuşdu.


Azərbaycan ədəbiyyatı ağır itki ilə üz-üzə qalıb. Xalq şairi Nəriman Həsənzadənin vəfat xəbəri milyonlarla oxucusunu, söz adamlarını və bütövlükdə xalqımızı dərin kədərə qərq edib.
Nəriman Həsənzadə təkcə gözəl şeirlərin müəllifi deyildi. O, ömrünü Vətənə, ana dilimizə, milli-mənəvi dəyərlərimizin qorunmasına həsr etmiş böyük ziyalı, müdrik söz ustadı idi. Onun qələmindən süzülən misralar illər boyu insanların qəlbinə yol tapdı, sevginin, vətənpərvərliyin, insanlığın və mənəviyyatın səsinə çevrildi.
Azərbaycan poeziyasında özünəməxsus məktəb yaradan şairin əsərləri neçə-neçə nəsillərin dünyagörüşünün formalaşmasına təsir göstərdi. Onun yaradıcılığında Vətən sevgisi, ana məhəbbəti, insan taleyi və milli kimlik xüsusi yer tuturdu. Nəriman Həsənzadənin hər misrası həyatın özü qədər səmimi, hər sözü xalqın ürəyindən gələn bir nida idi.
Belə böyük sənətkarlar fiziki olaraq aramızdan ayrılsalar da, yaratdıqları əsərlər onları əbədiləşdirir. Nəriman Həsənzadənin zəngin ədəbi irsi bundan sonra da Azərbaycan xalqının mənəvi sərvəti kimi yaşayacaq, yeni nəsillərə örnək olacaq.
"İnsan ömrü sona çata bilər, amma sözün ömrü sonsuzdur." Bu həqiqət Nəriman Həsənzadənin həyat və yaradıcılığı ilə bir daha təsdiqini tapdı.
"Milli Mənəviyyat" müstəqil, beynəlxalq qəzetinin kollektivi adından mərhum Xalq şairi Nəriman Həsənzadənin ailəsinə, doğmalarına və bütün Azərbaycan ədəbi ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, Uca Allahdan ona rəhmət diləyirik.
Ruhu şad, məkanı cənnət olsun!