✍️ Vəli Əliyev yazır... Şəhidlik – Vətənin ən uca zirvəsi, Həmid Cəfərlinin ölməz xatirəsi


Bu gün Vətən uğrunda canından keçərək əbədiyyətə qovuşan qəhrəman oğullarımızdan biri – şəhid Həmid Cəfərlinin doğum günüdür. O, cəmi 30 illik ömrünü xalqına, dövlətinə və müqəddəs Azərbaycan torpağına həsr etdi. 1 avqust 1990-cı ildə dünyaya göz açan Həmid Cəfərli 5 oktyabr 2020-ci ildə Vətən müharibəsində qəhrəmancasına şəhid olaraq adını Azərbaycan tarixinin qızıl səhifələrinə yazdı.

Şəhidlər ölmürlər. Onlar xalqın qəlbində yaşayır, gələcək nəsillərə Vətən sevgisinin, cəsarətin və fədakarlığın ən parlaq nümunəsi olurlar. Həmid Cəfərli də bu müqəddəs zirvəyə yüksələrək ömrünü əbədiyyətə çevirdi.

Bu gün onun doğum günü ailəsi, doğmaları və onu tanıyanlar üçün həm qürur, həm də nisgil günüdür. Çünki qəhrəmanlar doğulduqları günlərlə yanaşı, göstərdikləri şücaətlə də yadda qalırlar. Həmid Cəfərlinin müqəddəs ruhu hər zaman Azərbaycanın üçrəngli bayrağı altında yaşayacaq.

Milli Mənəviyyat müstəqil, beynəlxalq qəzetinin kollektivi olaraq şəhid Həmid Cəfərlinin əziz xatirəsini dərin ehtiramla yad edir, valideynlərinə və doğmalarına səbir diləyirik.

Ruhun şad olsun, igid Vətən oğlu!

Doğum günün mübarək, qəhrəman! Sən ömrünü Vətənə bəxş etdin, əvəzində isə xalqının sonsuz sevgisini və dualarını qazandın. Azərbaycan xalqı səni heç vaxt unutmayacaq.

Şəhidlər ölməz, Vətən bölünməz!