✍️Vəli Əliyev yazır...“Mikrofon qəhrəmanları”
Tənqid
Dünən, 20:38
43
Hörmətli oxucular tədbirlərdə bəzi çıxışlardan diqqət çəkən məqamlar :...
Elə “Çıxış həvəskarları” olan
adamlar var ki, tribunaya çıxanda elə bilirlər BMT Baş Assambleyasına müraciət edirlər. Mikrofonu görəndə gözləri işıldayır, səsi qalınlaşır, cümlələri uzanır, amma məzmunu… vallah, çay qaşığına da sığmaz.
Bəziləri çıxışa belə başlayır: — “Çox danışmayacağam…” Sonra mikrofon yorulur, stul yorulur, camaat yorulur, amma özü dayanmır!
Bir də görürsən ki, üç dəqiqəlik mövzuya yarım saat giriş verir: — “Tarixə nəzər salsaq…” Ay qardaş, biz tədbirə gəlmişik, arxeoloji qazıntıya yox!
Elələri də var ki, tribunaya çıxan kimi kostyumun düyməsini bağlayıb özünü dövlətin xilaskarı kimi aparır. Halbuki dünən marketdə iki manatlıq endirim üçün kassirlə mübahisə edirdi.
Ən maraqlısı isə odur ki, bəzi adamlar çıxış edəndə elə pafosla danışır ki, adam fikirləşir indi kosmosa raket buraxacaqlar. Amma tədbir qurtaran kimi heç öz dediklərinə özləri də əməl etmirlər.
Dostlar, nitq böyük şeydir. Amma boş danışmaqla böyük görünmək olmur. Mikrofon adamı ağıllı etmir. Tribuna vicdan vermir. Kostyum da xarakter tikmir.
İnsan gərək danışanda sözünün çəkisi olsun. Yoxsa bəzi çıxışlar var — samovar kimi qaynayır, amma içində çay yoxdur.
Sonda isə bir cümlə: Bu ölkədə ən çox işləyən əşyalar mikrofondur. Çünki hamı danışır, amma çox az adam eşidir…

















