Gənclərə Verilən Dəyər Azərbaycanın Güclü Sabahıdır.



Azərbaycanda gənclərə göstərilən diqqət və qayğı dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin savadlı, vətənpərvər və potensiallı gənclərə verdiyi dəyər Azərbaycanın gələcəyinə hesablanmış mühüm strateji yanaşmadır.
Yeni Azərbaycan Partiyasının Culfa rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək mənim üçün böyük qürur və məsuliyyət idi. Tədbirdə çıxış edərək Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi sonsuz qayğıdan, onun müəyyən etdiyi dövlətçilik ideologiyasından və gənclərə olan inamından danışdım.
Heydər Əliyev hər zaman gəncləri xalqın və dövlətin gələcəyi hesab edirdi. Məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanda sağlam düşüncəli, milli maraqlara bağlı və savadlı gənclik formalaşdı. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının gənclərə göstərdiyi diqqət, onların dövlət idarəçiliyində, ictimai-siyasi həyatda və müxtəlif sahələrdə irəli çəkilməsi hər bir Azərbaycan gəncini daha böyük məsuliyyətlə çalışmağa ruhlandırır.
Biz gənclər yaxşı anlayırıq ki, müasir Azərbaycanın qazandığı uğurlar təsadüfi deyil. Güclü dövlətçilik ənənələri, milli birlik, düzgün siyasi kurs və xalq-iqtidar həmrəyliyi ölkəmizi regionun lider dövlətinə çevirib. Bu uğurların təməlində isə Heydər Əliyev ideyaları dayanır.
Hesab edirəm ki, hər bir gəncin əsas vəzifəsi dövlətinə, xalqına və milli dəyərlərinə sadiq olmaqdır. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin daha da inkişaf etməsi üçün daim çalışmağa hazırdır.
Bu gün dövlətin gənclərə verdiyi dəyər bizim üzərimizə daha böyük məsuliyyət qoyur. Biz də bu etimadı doğrultmaq üçün savadımız, fəaliyyətimiz və vətənpərvərliyimizlə Azərbaycana xidmət etməliyik.
Milli Mənəviyyat
müstəqil,beynəlxalq
qəzetinin
Fəxri üzvü,
gənc fəal.
Emil Şahinoğlu