Ümummilli Liderin doğum günü münasibətilə onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, xalqımızın yaddaşında əbədi yaşayacaq böyük şəxsiyyət qarşısında minnətdarlığımızı bildiririk.


Azərbaycan tarixində elə şəxsiyyətlər var ki, onların adı təkcə bir dövrü deyil, bütöv bir xalqın taleyini ifadə edir. Belə dahilərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevdir. Onun doğum günü yalnız bir insanın dünyaya gəldiyi tarix deyil, həm də Azərbaycan xalqının xilası, inkişafı və gələcəyi ilə bağlı böyük bir mərhələnin başlanğıcıdır.
Ulu Öndər Heydər Əliyev ömrünü Azərbaycan dövlətçiliyinə, xalqın rifahına və milli maraqların qorunmasına həsr etmiş nadir liderlərdən idi. O, ən çətin və mürəkkəb dövrlərdə belə xalqına arxa olmuş, dövlətçiliyin sütunlarını möhkəmləndirmişdir. Azərbaycan müstəqilliyinin təhlükə altında olduğu bir zamanda xalqın tələbi ilə hakimiyyətə qayıdan dahi rəhbər ölkəni parçalanmaqdan, vətəndaş qarşıdurmasından və siyasi xaosdan xilas etdi.
Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutdu. Neft strategiyasının uğurla həyata keçirilməsi, iqtisadi inkişafın təməl prinsiplərinin müəyyənləşdirilməsi, milli ordunun formalaşdırılması və hüquqi dövlət quruculuğu onun adı ilə bağlı olan mühüm tarixi nailiyyətlərdir. Bu gün Azərbaycanın qazandığı uğurların kökündə məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır.
Ulu Öndər təkcə böyük siyasətçi deyildi. O, xalqını sevən, milli-mənəvi dəyərlərə bağlı olan, Azərbaycan gəncliyinə xüsusi diqqət və qayğı göstərən müdrik bir şəxsiyyət idi. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri xalqımızın milli qürur simvoluna çevrilmişdir.
Bu gün Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində yaşayır. Onun ideyaları dövlətimizin inkişaf yoluna işıq salır. Azərbaycanın hər bir uğurunda, hər bir zəfərində Ulu Öndərin böyük əməyinin izi görünür.

Vəli Əliyev
Baş redaktor