✍️Vəli Əliyev yazır...“Sədaqətli Dostun Sınan Qüruru”
Mənəvi dəyərlər / Ədəbiyyat
Bu gün, 11:45
51
Bəzən insan həyatında ən ağır yük daş olmur, söz olmur, aclıq olmur… Ən ağır yük insanın ləyaqətinin sınması olur. Çünki bədən yorğunluğu zamanla keçir, amma qüruru yaralanmış bir qəlbin ağrısı illərlə insanın içində köz kimi yanır.
Deyirlər, bir dəvə ölüm ayağında idi. Uzun illər səhraların istisini, gecələrin şaxtasını sahibiylə birlikdə yaşamışdı. Günlərlə susuz qaldığı, ağır yüklər altında beli büküldüyü vaxtlar olmuşdu. Amma yenə də sahibinə sədaqətlə xidmət etmişdi. Çünki vəfa onun təbiətində idi.
Sahibi dəvənin başı üstündə dayanıb kövrək səslə dedi:
— Uzun illər bir yerdə olmuşuq, eyni çörəyi kəsmişik. Haqqını halal et, halallaşaq...
Dəvə ağır-ağır nəfəs alıb sahibinə baxdı. Baxışlarında illərin yorğunluğu, qırılmış bir qəlbin sükutu vardı. Sonra asta səslə dedi:
— Bəli, uzun illər bir yerdə yaşamışıq. Günlərlə məni ac-susuz işlətmisən. Gücümdən artıq yüklər vurduğun vaxtlar olub. Günəşin altında əldən düşdüyüm anlarda belə dayanmağa imkan verməmisən. Amma bunların hamısını sənə bağışlayıram. Yoldaşlığımıza, birlikdə keçən illərə görə halal edirəm...
Bir anlıq susdu. Sonra gözlərində dərin bir kədər sezildi,səsi titrədi:
— Ancaq bir şeyi sənə bağışlaya bilməyəcəyəm...
Sahibi təəccüblə soruşdu:
— Nəyi?
Dəvə ah çəkərək dedi:
— Uzun illər eyni yolu gedən mən idim. O yolları gözümü yumub belə tanıyırdım. Amma bir gün yüyənimi aparıb uzunqulağın arxasına bağladın ki, guya mənə yol göstərsin. Bax, o gün mənim qəlbim qırıldı. Mənə verdiyin aclıq da keçdi, susuzluq da keçdi, ağır yüklərin ağrısı da keçdi... Amma mənə etdiyin o hörmətsizlik ruhuma işlədi. Çünki sən o gün məni yormadın, o gün məni alçaltdın...
Həyatda insan bəzən ən böyük zərbəni düşmənindən yox, dəyər verdiyi adamlardan alır. Fiziki əziyyətin yarası sağalır, amma insanın mənliyinə toxunan davranışlar illərlə unudulmur. Çünki hər kəsin görünməyən bir qüruru, toxunulmamalı olan mənəvi sərhədi var.
Bir insanı yormaq bağışlanar, amma onu öz gözündən salmaq çox vaxt bağışlanmır. İnsan bəzən bir sözə görə yox, o sözün içində gizlənən hörmətsizliyə görə sınır. Çünki qəlb incəliyi olan adam üçün ən böyük ağrı dəyərinin bilinməməsidir.
Bu hekayə bizə bir həqiqəti xatırladır: İnsan münasibətlərində hər şeydən əvvəl hörmət olmalıdır. Çünki qüruru qırılan bir ürək dililə “bağışladım” desə belə, qəlbi o yaraya uzun müddət şahidlik edir. Bəzi incikliklər var ki, zaman onları susdurur, amma heç vaxt tam sağaltmır.

















