İlaxır çərşənbə – birlik, ümid və yenilənmə rəmzi


Azərbaycan xalqının qədim adət-ənənələri içərisində Novruz bayramına aparan çərşənbələrin xüsusi yeri vardır. Bu çərşənbələr xalqımızın minilliklər boyu qoruyub saxladığı mənəvi dəyərlərin, təbiətə sevginin və yenilənmə fəlsəfəsinin təcəssümüdür. Su, Od, Yel və Torpaq çərşənbələri ilə təbiətin oyanışı mərhələlərlə qarşılanır, hər çərşənbə insanlara ümid, ruzi-bərəkət və xoş niyyət gətirir.
Bu gün isə həmin çərşənbələrin ən əzəmətlisi – ilaxır çərşənbə qeyd olunur. Bu çərşənbə Novruzun müjdəçisi, baharın qapısını açan ən əlamətdar gündür. Azərbaycanın hər guşəsində insanlar bu günü xüsusi sevinc və coşqu ilə qarşılayır, ocaqlar qalanır, tonqallar ətrafında dualar edilir, süfrələr açılır və qədim adətlər yaşadılır.
Xüsusilə qədim diyar Naxçıvan bu ənənələrin daha təntənəli yaşadıldığı bölgələrimizdəndir. Naxçıvanda sonuncu çərşənbə – ilaxır çərşənbə böyük hörmət və ehtiramla qeyd olunur. İnsanlar bu günü yalnız bayram kimi deyil, həm də birlik, qardaşlıq və mənəvi yenilənmə günü kimi yaşayırlar.
İlaxır çərşənbə xalqımızın yaddaşında həm də bir mesajdır: köhnə ilin çətinliklərini geridə qoymaq, qəlbləri kin-küdurətdən təmizləmək və yeni ilə ümidlə qədəm qoymaq. Tonqalın üzərindən tullanarkən deyilən “ağırlığım-uğurluğum odda qalsın” sözləri də məhz bu mənəvi təmizlənmənin simvoludur.
Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, hər bir ailəyə ruzi-bərəkət, sağlamlıq və xoşbəxtlik arzulayıram. Qoy ilaxır çərşənbənin alovu evlərimizə istilik, qəlblərimizə ümid, yurdumuza sülh və firavanlıq gətirsin.
Hər bir ocaqdan yüksələn tonqal işığı xalqımızın birliyinin və milli-mənəvi dəyərlərimizin sönməz rəmzi olsun.
Bayramınız mübarək!

Hörmətlə,
Vəli Əliyev
“Milli Mənəviyyat”
müstəqil, beynəlxalq qəzetinin
Baş redaktoru