DİNİN YARANMASI ZƏRURƏTİ, SƏMAVİ DİNLƏRİN TƏKAMÜLÜ VƏ TARİXİ ARDICILLIĞI
Mənəvi dəyərlər
4-12-2025, 09:57
45
İnsanlığın yaranışından bəri insan düşüncəsini düşündürən ən əsas sual kainatın sirri, həyatın mənası və varlığın mahiyyəti olmuşdur. İnsan öz mənşəyini, yer üzündəki missiyasını, ölüm sonrası taleyini anlamaq üçün həmişə ali bir qüvvəyə üz tutmuşdur. Bu axtarışlar nəticəsində bəşər tarixi boyunca din formalaşmış, zamanla həm fərdi mənəviyyatın, həm də ictimai nizamın ən mühüm dayaqlarından birinə çevrilmişdir.
Din yalnız ibadət deyil, həm də insan əxlaqının, ədalətin, birlik və həmrəyliyin, milli-mənəvi dəyərlərin əsasını təşkil edən böyük bir mənəvi institutdur.
Dinin Yaranması Zərurəti
Dinin yaranmasını şərtləndirən mühüm səbəblər bir neçə istiqamət üzrə formalaşmışdır:
1. Kainatı və varlığı anlama ehtiyacı
İnsan ətraf aləmdə baş verən hadisələri – gecə və gündüzü, yağış və tufanı, həyatın ritmini izah etməyə çalışmış, bütün bu ahəngin arxasında ali bir iradənin dayandığını dərk etmişdir.
2. Qorxu və güvən hissi
Qədim insan təbiət hadisələri qarşısında aciz idi. Bu acizlikdən doğan qorxu ona sığınacaq axtardırdı. Din həmin dövrdən bəri insanın ən böyük mənəvi dayaq nöqtəsinə çevrilmişdir.
3. Əxlaqi nizamın tələbi
Cəmiyyətin sabit şəkildə yaşaması üçün yaxşı və pisin sərhədlərini müəyyən edən kodeksə ehtiyac var idi. Din bu kodeksi – mərhəmət, ədalət, doğruçuluq, sədaqət kimi dəyərləri bəşəriyyətə təqdim etdi.
4. Sosial birliyi təmin etmək
Ortaq inam insanlar arasında həmrəylik yaradırdı. Din xalqları birləşdirir, milli kimliklərin formalaşmasına töhfə verirdi.
Dinin İnkişaf Mərhələləri
İlk insan topluluqlarında inanclar daha çox ibtidai formalarla məhdudlaşırdı:
Animizm – hər şeyin ruhu olduğuna inam,
Totemizm – qəbilənin müəyyən bir heyvan və ya təbiət varlığı ilə özünü bağlaması,
Sehr və magiya – fövqəltəbii qüvvələrə təsir göstərmək inancı.
Bu formalar sonradan daha sistemli, daha ali pəncərədən baxışın yaranmasına gətirdi və nəticədə təkallahlığa əsaslanan səmavi dinlər meydana çıxdı.
Səmavi Dinlərin Yaranması və İlahi Missiyası
Səmavi dinlər – Allah-Taalanın insanlara peyğəmbərlər vasitəsilə göndərdiyi və müqəddəs kitablarla təsdiqlədiyi ilahi təlimlərdir. Onların əsasını tövhid – yəni tək Allah inancı təşkil edir. Bu dinlər bir-birini tamamlamaqla bəşəriyyətin mənəvi təkamül yolunu zənginləşdirmişdir.
1. Tövrat – Musaya (a.s.) nazil edilmiş ilk ilahi kitab
Yəhudilik dininin əsasını təşkil edən Tövrat insanlara qanun, ədalət və ibadət qaydaları ilə bağlı əhatəli ilahi göstərişlər gətirmişdir.
2. Zəbur – Davuda (a.s.) nazil edilmiş ilahi hikmətlər kitabı
Zəbur daha çox mənəvi nəsihətlər, dua və zikrlərdən ibarətdir. Bu kitab tərif, şükür, təqva və Allah sevgisi ilə zəngin bir ilahi mənbədir. Zəburun əsas mahiyyəti insanın qəlbi ilə Allah arasındakı mənəvi bağın gücləndirilməsidir.
3. İncil – İsaya (a.s.) nazil edilmiş ilahi təlim
Xristianlığın müqəddəs kitabı olan İncil insanlara sevgi, bağışlanma, mərhəmət və mənəvi paklıq dəyərlərini təbliğ etmişdir.
4. Qurani-Kərim – Məhəmməd Peyğəmbərə (s.ə.s.) nazil olmuş sonuncu və kamil kitab
İslam dini əvvəlki səmavi kitabları təsdiq etmiş, onların mahiyyətini qorumuş, bəşəriyyətə ən kamil, ən mükəmməl ilahi qanunları təqdim etmişdir. Quran insanın həm bu dünyada, həm də axirətdə xoşbəxtliyə çatmasının yolunu göstərən ilahi rəhbərdir.
Səmavi Dinlərin Tarixi Ardıcılığı
Səmavi kitab və peyğəmbərlərin ardıcıllığı belədir:
1. Tövrat – Musaya (a.s.)
2. Zəbur – Davuda (a.s.)
3. İncil – İsaya (a.s.)
4. Quran – Məhəmmədə (s.ə.s.)
Bu ardıcıllıq insanlığın mənəvi inkişaf yolunun mərhələlərini əks etdirir. Hər kitab özündən sonrakı din üçün zəmindir. Quran isə bütün səmavi kitabların tamamlayıcısı və ilahi vəhyin son mərhələsidir.
Din bəşəriyyət tarixində təkcə ibadət və etiqad deyil, həm də əxlaq, mədəniyyət, mənəviyyat və ictimai nizamın ən möhtəşəm dayağı olmuşdur. Səmavi dinlər insanları doğru yola, ədalətə, mərhəmətə və birliyə çağırmış, hər biri öz dövründə insanlığın mənəvi təkamülünə böyük töhfələr vermişdir.
Bu gün də din cəmiyyətin mənəvi həyatında əvəzolunmaz bir dəyər olaraq yaşayır və bəşəriyyəti sülhə, ədalətə və ilahi həqiqətə dəvət edir.
Vəli Əliyev
“Milli Mənəviyyat” müstəqil beynəlxalq qəzetinin
Baş redaktoru.

















