NƏFƏS ALAN ÜMİDLƏR !



Gülzar ana, ölməyən ümidləri ilə birgə nəfəs alan yalqız bir qadın !
Üstündən illər keçsə də, o günün təsiri heç vaxt keçməmişdi. Hər gün xatırlanır və eyni çarəsizlik, eyni həsrət hiss edilirdi. Əli Gülzar ananın yeganə oğlu, müharibəyə yola düşərkən ona son bir dəfə sarılmış, gözlərindəki sonsuz sevgi ilə demişdi: “Ana, qorxma. Mən geri dönəcəyəm. Və səni indiyədək çəkdiyin bütün əzab-əziyyətlərdən xilas edəcəm . ”
Amma o, heç vaxt qayıtmadı. Hər zaman anasına sadiq olan Əli bu dəfə verdiyi sözü tuta bilmədi ...
Oğlunun ölüm xəbəri gəldiyi günü heç unuda bilmirdi. Əli şəhid olmuşdu. Lakin Gülzar ana, hələ də inanmırdı. O, əmin idi ki, bu xəbər yalnışdır. Hər gün, hər saat, hər dəqiqə "Oğlum sağdır, o, gələcək" deyirdi. Mənə söz verib, oğlum məni tərk etməz."
Kəndin insanları isə, hər keçən gün Gülzar ananın vəziyyətinin ağırlaşdığını, gözlərinin içindəki işığın yavaş-yavaş söndüyünü görürdülər. Onun hər gün qapıdan çıxıb kəndin kənarında oğlunun gəlişini gözləməsi, artıq onlara bir qəbiristanlıq səssizliyinə çevrilmişdi. Gülzar ana, bir zaman əllərində həyatın yelini sıxıb tutan, gözlərində küləkləri söndürən güclü və dağ kimi möhkəm olan qadın, indi yalnız bir kölgə kimi gəzinirdi. Heç kim onun ümidinə inanmırdı. Kənd əhalisi onu “Məcnun Ana” adlandırdı. Amma Gülzar ana heç birini eşitmirdi. Oğlunun sağlam dönəcəyinə dair ümidini qırmaq, onun üçün həyatın özü ilə barışmaq demək olardı. O isə heç vaxt oğlunun qatili olan həyatla barışmaq, ona boyun əymək istəmirdi.
Ana, gecələri daha çox gözləyir, gözünə yuxu getmir, yatağında dönüb dururdu. Hər gecə, hər yuxusunda o, Əlini görürdü. Oğlunun gülümsəyən üzünü, şölə saçan körpə gözlərini , hələ sanki heç bir şey olmamış kimi onu sevindirmək istəyən sözlərini eşidirdi. “Ana, narahat olma. Mən sağam, gələcəm.” Amma səhər açıldığında, yuxusunun içində qalan o xoş səs, ona yenə də həqiqəti xatırladırdı: Oğlunun bədənini geri gətirə bilməzdi. Oğlunun ölümünü qəbul etmək, onun içindəki bütün dünyanı yıxmaq demək idi. Hər gecə qaranlıqda itmiş bir ulduz kimi oğlunun parıldamasını gözləyirdi, amma o ulduz çoxdan sönmüşdü...
Bir gün, Gülzar ana bütün gün boyunca heç yerə çıxmadı. Onun ürəyi artıq çoxdan yorulmuş, bədənində çox daha ağır bir yükə çevrilmişdi. Saatlar keçdi, lakin o, yuxuya gedə bilmədi.Ana, zamanın bütün saatlarını unudaraq hər an oğlunun adını səsləyən gecənin sükutunda azmışdı. Bir anda sanki bir şey oldu. Bir səs... bir nəfəs... Bir hissi vardı ki, Əli hələ də onun yanındadır. Oğlunun adını hər dilinə gətirdikcə , bütün içindəki ağrılar daha da artırdı. Nəhayət, gözləri açıldı və o, Əlini bir daha gördü... amma bu dəfə o, heç vaxt gözlədiyi kimi deyil, bambaşqa idi. Bu, artıq canlı deyil, tükənmiş bir ruh idi.
Oğlunun qapısına gəlməsi, ona heç bir həqiqət vermədi. Yalnız bir yalanı təkrarlayan bir kölgə idi. Əlinin adı, bir zamanlar onu sevən analıq ürəyini parçalayan bir yükə çevrilmişdi.
“Bəli,” deyə Ana, dərindən nəfəs alaraq dedi. "Sən ölməmisən. Mənim gözlərim sənə inanır. Amma yanımda sən yoxsan, o qədər tənhayamki bu dünyada ..."
Bir neçə saat sonra, kəndin sakinləri Ananı evində tapdılar. Onun bədəni soyumuş, dərin bir kədərin içində sanki həyatla vidalaşmışdı. Yalnız bir neçə qırıq cümlə qaldı geridə: “Əli... oğlum... sən məni heç vaxt tək qoymadın...”
Sonra bir sükut oldu. Ana, artıq heç bir yuxuya düşməyəcəkdi. Onun həsrətini çəkdiyi oğlu ilə bir araya gəlib-gəlmədiyini, nəhayət yalnız zaman deyəcəkdi .Amma Ananın acı gerçəyi...
Gülzar ana Əlinin ölüsünü torpağa verə bilməmişdi, amma onu əbədi qəlbində bastırmışdı !

Müəllif : Həsrət Bəhramoğlu !