✍️Vəli Əliyev yazır... İNSANIN VARLIĞI HİSS OLUNMALIDIR!
Bir insanın varlığı ilə yoxluğu ətrafındakılar tərəfindən hiss olunmursa, deməli, o, insanların həyatında öz izini buraxa bilməyib.
İnsan sadəcə nəfəs almaqla yaşamır. Yaşamaq kiminsə qəlbində yer tutmaq, yoxluğunda axtarılmaq, sözü ilə təsir etmək, əməlləri ilə xatırlanmaqdır. Elə insanlar var ki, bir məclisə daxil olanda hər kəsin üzündə təbəssüm yaranır, gedəndə isə sanki oradan bir istilik əskilir. Elələri də var ki, illərlə insanların arasında olsalar da, nə varlıqları sevinc gətirir, nə də yoxluqları kimsənin diqqətini çəkir.
İnsanın böyüklüyü nə qədər insan tanımasında deyil, neçə insanın qəlbində yer tutmasındadır.
Unutmayaq ki, vəzifə müvəqqətidir, sərvət əmanətdir, şöhrət isə bir gün unudula bilər. Amma səmimiyyət, mərhəmət, sədaqət və yaxşılıq insanın adını yaddaşlarda yaşadır.
Bəzən bir xoş söz, bir çətin gündə uzadılan əl, bir səmimi münasibət insanı illərlə unudulmaz edir. Çünki insanın həqiqi dəyəri özü haqqında söylədiklərində deyil, başqalarının qəlbində oyatdığı hisslərdə gizlənir.
Yaşamaq sadəcə mövcud olmaq deyil, yoxluğunda da hiss edilməkdir! Elə yaşayaq ki, biz gedəndə arxamızca yalnız adımız deyil, yaxşılığımız, sevgimiz və mənəvi izimiz də qalsın.
✍️ Vəli Əliyev
Milli Mənəviyyat müstəqil, beynəlxalq qəzetin
Baş redaktoru













