✍️Vəli Əliyev yazır... Dünyəvilik dövlətçiliyimizin təməl prinsiplərindəndir!
Mənəvi dəyərlər
Bu gün, 21:07
10
Dövlətin gücü yalnız iqtisadi inkişafı, siyasi nüfuzu və hərbi qüdrəti ilə ölçülmür. Həqiqi dövlətçilik həm də cəmiyyətin düşüncə azadlığına, milli kimliyinə, mənəvi dəyərlərinə və fərqli inanclara göstərilən hörmətə söykənir. Dünyəvilik də məhz bu prinsipləri birləşdirən mühüm dövlətçilik anlayışıdır.
Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və dünyagörüşlərinin qovuşduğu məkan olub. Xalqımızın tolerantlıq ənənələri, qonaqpərvərliyi və insanlara hörmət ruhu milli mənəviyyatımızın ayrılmaz hissəsidir. Bu zəngin irs bizə göstərir ki, fərqli inanclara sahib olmaq insanları bir-birindən ayırmamalı, əksinə, qarşılıqlı anlaşmaya və birliyə xidmət etməlidir.
Dünyəvilik dinə qarşı olmaq deyil, dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsinə imkan verməməkdir. Hər bir insanın dini inancına hörmət edilməli, eyni zamanda dövlət idarəçiliyində qanunun aliliyi və bütün vətəndaşların bərabərliyi qorunmalıdır. Din insanın mənəvi dünyasını zənginləşdirə bilər, dövlət isə bütün vətəndaşların hüquqlarını bərabər şəkildə təmin etməlidir.
Azərbaycan xalqının özünəməxsus milli-mənəvi dəyərləri var. Biz başqa xalqların mədəniyyətinə hörmət etməklə yanaşı, öz kimliyimizi də qorumalıyıq. Müsəlman olmaq ərəbləşmək, farslaşmaq və ya başqa bir xalqın kimliyini mənimsəmək demək deyil. İslamın mənəvi dəyərlərini yaşatmaqla Azərbaycan türkü olaraq dilimizi, tariximizi, adət-ənənələrimizi və milli düşüncəmizi qorumaq mümkündür.
Unutmamalıyıq ki, din adı altında cəmiyyətə yad ideologiyaların aşılanması, dini inancın siyasi və şəxsi maraqlara alət edilməsi milli birliyə zərər verə bilər. Buna görə də dini savadlılıq, sağlam düşüncə, hüquqi maarifləndirmə və milli-mənəvi tərbiyə daim diqqət mərkəzində olmalıdır.
Dünyəvi dövlətin əsas məqsədi insanları inancına görə ayırmaq deyil, onları ortaq vətəndaşlıq dəyərləri ətrafında birləşdirməkdir. Çünki dövlətin vətəndaşı olmaq üçün insanların eyni dini düşüncəyə sahib olması vacib deyil. Əsas olan Vətənə bağlılıq, qanunlara hörmət, milli maraqların qorunması və cəmiyyət qarşısında məsuliyyətdir.
Güclü dövlət milli kimliyini qoruyan, dinə hörmət edən, vicdan azadlığını təmin edən və heç bir ideologiyanın qanundan üstün tutulmasına yol verməyən dövlətdir.
Azərbaycanın gələcəyi üçün dünyəvilik, milli birlik və mənəvi dəyərlər bir-birini tamamlamalıdır. Biz nə öz köklərimizdən uzaqlaşmalı, nə də başqalarının mədəniyyətinə qarşı hörmətsizlik etməliyik. Özümüz olaraq qalmaq, başqalarına hörmət göstərmək və dövlətçiliyimizi qorumaq bizim həm mənəvi, həm də vətəndaşlıq borcumuzdur.
Vəli Əliyev
Milli Mənəviyyat
müstəqil, beynəlxalq qəzetin
Baş redaktoru



















