✍️Vəli Əliyev yazır... YAXŞILIQ ET, QARŞILIĞINI İNSANLARDAN GÖZLƏMƏ!


Yaxşılıq etmək hər insanın bacardığı bir iş deyil. Çünki yaxşılıq əlinlə gördüyün bir əməl olsa da, onun əsl dəyəri ürəyindəki niyyətdən doğur. Bəzən bir insana səmimi qəlbdən yaxşılıq edirsən, onun çətin günündə yanında dayanır, dərdinə şərik olur, əlindən gələn köməyi əsirgəmirsən. Amma gün gəlir, həmin insan səni görəndə salam verməyə belə ərinir.

Ən ağrılısı da budur: sən onun üçün etdiklərini unuda bilmədiyin üçün deyil, onun necə dəyişdiyini gördüyün üçün məyus olursan.

Amma bir həqiqəti anlamaq lazımdır: sənin yaxşılığın başqasının nankorluğuna görə dəyərini itirmir.

Yaxşılıq edib qarşılığında mütləq hörmət, minnətdarlıq və sədaqət gözləyiriksə, deməli, yaxşılığımızın içində bir az da gözləntimiz var. Əsl yaxşılıq isə insanın öz mənəviyyatından doğur. Qarşındakı insanın necə biri olması sənin necə insan olacağını müəyyən etməməlidir.

Bununla belə, yaxşılıq etmək hər kəsə sonsuz imkan vermək, nankorluğa göz yummaq və öz dəyərini unutmaq demək deyil. İnsan həm mərhəmətli, həm də qürurlu ola bilər. Həm bağışlaya, həm də məsafə saxlaya bilər. Çünki yaxşı ürəyə sahib olmaqla özünü hər kəsə qurban vermək eyni şey deyil.

Bəzən susmaq ən gözəl cavab, uzaqlaşmaq ən düzgün qərar, bir daha əvvəlki kimi olmamaq isə insanın özünə göstərdiyi hörmətdir.

Unutmayaq ki, salam vermək insanın dilindən, salamın qədrini bilmək isə mənəviyyatından xəbər verir. Səni çətin gündə unudan insanın bu günkü davranışı sənin dünənki yaxşılığını silə bilməz. Sən öz əməlinə görə cavabdehsən, o isə öz xarakterinə görə.

Həyat bizə bir şeyi öyrədir: hər kəsə yaxşılıq et, amma hər kəsi özün kimi bilmə. Hər kəsə hörmət göstər, amma hörmətini qiymətləndirməyənlərin qarşısında özünü alçaltma. İnsanların qəlbində yer qazanmağa çalış, lakin öz qəlbinin qapısını hər gələnə taybatay açma.

Çünki insanın böyüklüyü etdiyi yaxşılıqların sayında deyil, qarşılığında nankorluq görəndə belə mənəviyyatını itirməməsindədir.

Yaxşılıq et, amma qarşılığını insanlardan gözləmə. Səni salamlamayanın arxasınca qaçma. Sənin dəyərini bilməyənə özünü sübut etməyə çalışma. Ən əsası isə, başqasının nankorluğu səni yaxşılıq etməkdən soyutmasın.

Qoy sənin yaxşılığın onların minnətdarlığına deyil, öz mənəviyyatına bağlı olsun. Çünki insanın əsl zənginliyi cibindəki pulla deyil, qəlbindəki mərhəmətlə ölçülür.

Yaxşılıq sənin xarakterin, nankorluq isə başqasının seçimidir. Başqasının seçiminə görə öz xarakterini dəyişmə!

Vəli Əliyev

Milli Mənəviyyat
müstəqil, beynəlxalq qəzetin
Baş redaktoru.