Qafar — 35 illik yubileyin mübarək!


08 avqust mənim üçün əlamətdar və sevincli bir gündür. Ulu babamızın şərəfli adını daşıyan,bir böyük nəsilin soy adı , yeddi xaloğlunun ən balacası, sonbeşiyimiz Qafar Qafarlının 35 yaşı tamam olur.

Əziz Qafar, insan üçün ailənin ən kiçiyi olmaq təkcə yaş məsələsi deyil. Ən kiçik övlad, ən kiçik qardaş həmişə bir başqa əziz, bir başqa doğma olur. Sən də bizim üçün məhz belə doğmasan.

Ulu babamızdan sənə yadigar qalan Qafar adını həmişə uca tutmağını, nəslimizin ,kökümüzün adına, böyüklərimizin xatirəsinə layiq bir ömür yaşamağını arzulayıram. Ad insanın ilk mənəvi mirasıdır. Sənə verilən bu ad da keçmişimizlə bu günümüz arasında yaşayan gözəl bir ailə yadigarıdır.

35 yaş insan ömrünün gözəl çağlarından biridir — artıq həyatın çox şeyini öyrəndiyin, eyni zamanda qarşıda böyük arzuların, ümidlərin və uğurların dayandığı bir yaşdır.

Canım xaloğlum, arzu edirəm ki, yeni yaşın sənə möhkəm can sağlığı, uzun ömür, ruzi-bərəkət, ailə səadəti, işlərində uğur və qəlb rahatlığı gətirsin. Həyat yolun həmişə açıq, süfrən bərəkətli, ocağın isti, üzün gülər olsun. Allah səni sevdiklərindən, sevənlərini də səndən ayırmasın.

Həyatda elə yaşa ki, arxaya baxanda qürur duyacağın xatirələrin, irəli baxanda isə həyata keçirəcəyin gözəl arzuların olsun.


Allah sənə 35-in ardınca 45-i, 55-i, 65-i,100 illik yubleyləri doğmalarının, ailənin və səni sevən insanların əhatəsində qeyd etməyi nəsib etsin.

Səni ürəkdən təbrik edir, bağrıma basıram!

Hörmət və sonsuz doğmalıqla,
xaloğlun Vəli