Dostluq — Ali Dəyər və Əbədi Mirasdır


İnsanın həyatında elə anlayışlar var ki, onların qiymətini nə zaman, nə də məkan dəyişdirə bilmir. Onlardan biri, bəlkə də ən vacibi dostluqdur. Dostluq — insan varlığının mənəvi dayağı, qəlbin işığı, həyatın ən sadiq yoldaşıdır. O, insanı həm sevincdə, həm də kədərdə müşayiət edən, ruhu tənəffüs etdirən ali bir dəyərdir.
Dostluğun mənəvi kökləri
İlk baxışda sadəcə insanın hər hansı insanla və ya insanlarla münasibəti kimi görünür. Amma mahiyyətinə varanda, bu münasibətin arxasında dərin bir mənəvi-fəlsəfi məna dayanır. Dostluq qarşılıqlı hörmətin, anlayışın, etibarın və fədakarlığın təzahürüdür. Hər bir dostluğun təməlində səmimiyyət dayanmasa, o münasibət uzunömürlü ola bilməz.
Dost insanın təkcə sevincli anlarını paylaşan deyil, çətin günlərindədə onun yanında dayanan, sözü və əməli ilə dəstək verən insandır. Məhz bu səbəbdən dostluq anlayışı sadəcə tanışlıqdan, həmrəylikdən və ya məsləkdaşlıqdan qat-qat dərin bir mənaya malikdir.
Tarixdə və ədəbiyyatda dostluqa çox nümunələr var
Tarix boyu bəşəriyyətin inkişafında dostluğun rolu danılmazdır. Böyük şəxsiyyətlər bir-birinə dayaq olmuş, ideyalarını, arzularını və mübarizələrini dostluğun gücü ilə həyata keçirmişlər.
Nizami Gəncəvi, Firdovsi, Şekspir kimi dahilər dostluğun əzəmətini əsərlərində ucaldaraq, onu insanlıq dəyərlərinin mərkəzinə yerləşdirmişlər.
Azərbaycan xalqının şifahi və yazılı ədəbiyyatında da dostluq anlayışı yüksək tutulmuşdur, “Dost dar gündə tanınar”, “Dost dostun yolunda can verər” kimi atalar sözləri xalqımızın mənəvi dünyasında bu dəyərin yerini göstərmişdir.
Müasir dövrdə dostluğun mənası müxtəlif cür izah olunur.
Bu gün texnologiyalar, sosial şəbəkələr və sürətli həyat tərzi insan münasibətlərinə yeni forma verib. Lakin hər bir dövrdə olduğu kimi, bu gün də həqiqi dostluq öz dəyərini qoruyub saxlayır.
Əsl dost sənin arxanca deyil, üzünə düzünü deyəndir. Səni yıxılmağa qoymayan, amma yıxıldıqda da səssizcə əlinə uzanandır.
Həqiqi dostluğu saxtalıq, maraq və ikiüzlülük zəhərləyə bilməz. Çünki dostluğun kökü vicdanda, təəssüb hissində və insani ləyaqətdə yatır.
Dostluq — mənəvi sərvət dir!
İnsanın həyatda qazandığı maddi dəyərlər keçici, mənəvi dəyərlər isə əbədidir.
Dostluq da məhz bu əbədiyyətə aid sərvətdir. Onu alverlə, məcburiyyətlə, ya da saxta təbəssümlə əldə etmək mümkün deyil.
Dostluq — könüldən doğar, könüllə yaşayar və könüldə silinməz iz buraxar.
Dostunu itirən insan, sanki bir parçasını itirir.
Dostunu qoruyan, ona dəyər verən insan isə həyatı daha mənalı yaşayır. Çünki dostluq insana həm güc, həm də istiqamət verir.
Dostluq, sadəcə iki insan arasındakı münasibət deyil — o, insanlıq mədəniyyətinin özəyidir.
Hər kəsin həyatında bir dost olmalıdır ki, o, həm aynası, həm də dayaq nöqtəsi olsun.
Dostluq ali dəyərdir, çünki o, insanın mənəviyyatını saflaşdırır, qəlbinə istilik gətirir və həyatın bütün çətinliklərinə qarşı dayanıqlı edir.
Buna görə də, dostluğu qorumaq, onu səmimiyyətlə yaşatmaq, hər bir insanın borcudur.
Çünki dostluq qorunanda, insanlıq da yaşayır.
Vəli Əliyev
10.11.2025