Bəlkədə həyatda sevinc hisslərin ən məsumudur
Mənəvi dəyərlər / Ədəbiyyat
7-07-2024, 13:18
231
Səhər saat 5. Hava işıqlıdır. Günün o hissəsidir ki, insan təsadüfən oyandıqda, saatın hələ 5 olduğunu görüb sevinir və təkrar yatır. Bəlkə də bu, həyatdakı sevinc hisslərindən ən məsum olanıdır.
Parkda az da olsa insan var. Orta yaşlı arıq bir dayı dəmirdən düzəldilmiş bir nəfərlik oturacaqda uzanıb yatır. Məncə, həmin oturacaq sırf o dayının ölçülərinə uyğun düzəldilib. Elə dar oturacaqda başqa heç kim o cür rahat uzana bilməz. Qoltuğunda sellofan paketi də var. Amma paketin içində nə olduğunu bilmirəm.
Bir az irəlidə yaşlı bir qadın uşaq oyun meydançasındakı yelləncəkdə yellənir. Yadımdadır ki, dəfələrin birində mən də həmin yelləncəkdə yellənmək istəmişdim, amma yerləşməmişdim. Yelləncək hər dəfə irəli gedəndə qadın ayaqlarını irəli tuşlayır, bədənini arxaya tərəf əyir. Elə entuziazmla yellənir ki, sanki zaman maşınının içərisindədir və 60 il əvvəlki çağına qayıdacaq. Mənə elə gəlir ki, o bilərəkdən səhər saatlarını seçib ki, heç kim onu yellənərkən görməsin.
Parkın içərisindəki cığırla bir az da gedirəm və skamyada bir qızla bir oğlan oturub. Çox mədənidirlər. Bəlkə də onlar səhər saat 5-də bura həmişəlik ayrılmaq üçün gəliblər. Ayrılmazdan əvvəl isə sonuncu dəfə birlikdə oturmaq və qız başını oğlanın çiyninə qoymaq istəyib. O cür hərəkətsiz oturur və danışmırlar. Uzaqda hardasa eyni yerə baxırlar. Görünür, sevmək bir-birinə baxmaq deyil, birlikdə eyni yerə baxmaqdır.
Bir az da gəzirəm və yenə o dayını həmin yerdə görürəm. Əvvəlki şakəri üzrə uzanıb, formasını heç pozmayıb. Düşünürəm ki, bəlkə də o ölüb?! Boynunu və qollarını günəş yandırıb, qırmızıdır. Yəqin çöl şəraitində işləyirmiş. Ola bilər ki, bu gecə axşam növbəsində imiş. Zavallı işdən çıxıb piyada evə gedərkən halı pisləşib, dincəlmək üçün oturub, elə orda da qalıb. Qoltuğundakı sellofan paketdə isə nəvəsi üçün aldığı rəngləmə kağızlar var. Bəlkə də buna görə paketi qoltuğunda bərk-bərk sıxıb. Özümə söz verirəm ki, növbəti dəfə buradan keçəndə dayının yaşayıb-yaşamadığını yoxlayacağam.
Azca irəlidə gənc bir qız səhər gəzintisi edir. Təqribən 10 saniyə sonra yanından ötəcəyi skamyada iki qadın əyləşib. Qadınlardan biri ötən əsrin əvvəllərindəki Avropa xanımlarını xatırladır. Başında şlyapası, əynində isə uzun və rəngli donu olan bu xanım xüsusi zadəgan tərzində oturub. Bəlkə də ata evində çox zəngin uşaqlıq keçirmiş bu qadın gəncliyində ailəsinin istəmədiyi əcnəbi bir oğlana ərə getmiş, SSRİ dağıldıqdan sonra isə oğlan bu xanımı atıb Amerikaya köçmüşdür. Skamyada oturmuş ikinci qadın isə danışmır, özləri ilə gətirdikləri iki pudeli saxlayır. Hiss olunur ki, həmin qadın parka məhz o pudelləri gəzdirmək üçün gəlib.
Gəzinti edən gənc qız qadınların yanından keçərkən pudellər hürməyə və qızı qovmağa başlayır. Qız isə yüksək səslə qışqırır və parkın içərisi ilə qaçır. Sonra o geri qayıdır və həmin iki qadını məzəmmət etməyə başlayır. Şlyapalı qadın özünü plebeylerlə ünsiyyətə girmək istəməyən patrisilər kimi aparır, üzündə yüngül təbəssüm yaradaraq aşağılayıcı tərzdə üzünü kənara çevirib başqa səmtə baxır. Digər qadın isə yenə danışmır. Sakitcə pudelləri qucağına götürür və başını aşağı salır. Bəlkə də o gənc qızın danışdığı dili bilmir. Ya da şlyapalı qadın icazə vermədiyi üçün danışmır. Gənc qız isə qadınların cavab vermədiyini görür və daha da alovlanır. Həmişə belə olur. Mübahisə zamanı qarşısındakının cavab vermədiyini gördükdə insan daha böyük natiqə çevrilir. Parkda sükut pozulur və hər kəsin diqqəti həmin hadisəyə yönəlir. Mən isə çönüb dayıya baxıram. O yenə də tərpənmir və şakərini pozmur.
Murad Camalzadə