✍️ Vəli Əliyev yazır... Səhnənin əfsanəsi, qəlblərin Flora xanımı – 85 illik ömrə xalq sevgisi
Mədəniyyət və İncəsənət
Bu gün, 09:54
36
Bəzi insanlar var ki, onların ömrünü illərlə ölçmək olmur. Onlar yaşadıqları hər ili sənətə, xalqa və insanlığa xidmətlə mənalandırırlar. Elə insanlar da var ki, onların adı çəkilən kimi qulaqlarda məlahətli bir səs, göz önündə nurlu bir sima, qəlbdə isə sonsuz hörmət hissi canlanır. Azərbaycan musiqisinin canlı əfsanəsi, Xalq artisti Flora Ələkbər qızı Kərimova məhz belə nadir şəxsiyyətlərdəndir.
Onun 85 illik yubileyi təkcə bir sənətkarın doğum günü deyil. Bu gün Azərbaycan musiqisinin, milli mədəniyyətimizin, insanlıq və xeyirxahlıq məktəbinin bayramıdır. Çünki Flora Kərimova sadəcə gözəl səs sahibi deyil, o, bütöv bir dövrün, bütöv bir nəslin mənəvi sərvətidir.
1941-ci il iyulun 23-də Bakı şəhərində dünyaya göz açan Flora Kərimova hələ gənclik illərindən qeyri-adi səs tembri, yüksək musiqi duyumu və səhnə mədəniyyəti ilə seçildi. O, Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alsa da, taleyini musiqiyə bağladı və bununla da Azərbaycan mədəniyyəti böyük bir sənətkar qazandı.
1960-cı illərdən başlayaraq Flora Kərimova Azərbaycan estradasına yeni nəfəs gətirdi. Onun ifasında səslənən mahnılar təkcə musiqi əsəri deyildi – onlar sevginin, vətənpərvərliyin, insan ağrısının, ana məhəbbətinin və həyat eşqinin poetik ifadəsi idi. Bülbül kimi zərif, qartal kimi qüdrətli səsi ilə o, milyonlarla insanın qəlbinə yol tapdı.
Onun ifa etdiyi yüzlərlə mahnı bu gün də öz təravətini itirməyib. Çünki həqiqi sənət zamanın sınağından keçir, əbədi yaşayır. Flora Kərimovanın sənəti də məhz belə sənətdir.
Ancaq mən Flora xanımı təkcə böyük müğənni kimi deyil, həm də böyük ürək sahibi kimi tanıyıram.
İllərdir müxtəlif xeyriyyə tədbirləri, kimsəsiz uşaqlar evləri, internat məktəbləri və ahıllar evlərində təşkil etdiyimiz bayram proqramlarında Flora xanımı dəfələrlə görmüşəm. O, heç vaxt şöhrət naminə, reklam naminə həmin tədbirlərə gəlməyib. O, oraya insan sevgisini aparıb.
Kimsəsiz bir uşağın başını sığallamaq, yaşlı bir ananın əlindən tutmaq, gözlərində ümid işığı yandırmaq hər adamın bacardığı iş deyil. Flora xanım bunu bütün səmimiyyəti ilə bacaran nadir insanlardandır.
Onun oxuduğu mahnılar necə ürəkləri isidirsə, insanlara münasibəti də elə isti, elə doğmadır. Səhnədə ulduz olsa da, həyatda son dərəcə sadə, mehriban, səmimi və qayğıkeş insandır.
Mən həmişə düşünmüşəm ki, insanın əsl böyüklüyü aldığı mükafatlarda deyil, insanların qəlbində qazandığı yerdədir. Flora Kərimova isə bu sevgini nə ordenlə, nə fəxri adla əldə edib. O, bu sevgini dürüstlüyü, cəsarəti, sənətə sədaqəti və insanlara təmənnasız xidmət etməyi ilə qazanıb.
Bu gün Azərbaycan musiqisindən danışarkən Flora Kərimovanın adını çəkməmək mümkün deyil. O, artıq təkcə sənətkar deyil, milli sərvətdir. Onun səsi radioların, televiziya ekranlarının, konsert salonlarının hüdudlarını çoxdan aşıb. Bu səs xalqın yaddaşına köçüb.
Sənətkar ömrü yalnız səhnədə keçən illərlə ölçülmür. Sənətkar ömrü insanların yaddaşında yaşadığı müddətlə ölçülür. Əminliklə demək olar ki, Flora Kərimovanın sənəti də, adı da gələcək nəsillərin yaddaşında daim yaşayacaq.
Hörmətli Flora xanım!
85 illik şərəfli ömür yolunuz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Siz Azərbaycanın musiqi salnaməsini yazan nadir sənətkarlardansınız. Amma mənim üçün Sizi daha da ucaldan xüsusiyyət insanlara olan sonsuz sevginiz, xeyirxahlığınız və təmənnasız xidmətinizdir.
Kimsəsiz uşaqların sevincinə çevrildiyiniz, ahıl insanların qəlbinə işıq bəxş etdiyiniz, heç bir qarşılıq gözləmədən xeyirxahlıq etdiyiniz saysız-hesabsız günlərin canlı şahidiyəm. Buna görə Sizə yalnız sənətkar kimi deyil, böyük ürək sahibi kimi də dərin hörmət bəsləyirəm.
Uca Allah Sizə möhkəm cansağlığı, uzun və bərəkətli ömür, ailə səadəti bəxş etsin. Qoy o bənzərsiz səsiniz bundan sonra da xalqımızın ruhunu oxşasın, adınız Azərbaycan mədəniyyətinin zirvəsində əbədi yaşasın.
85 yaşınız mübarək olsun, əziz Flora xanım!
Dərin hörmət və ehtiramla,
Vəli Əliyev
Milli Mənəviyyat
müstəqil, beynəlxalq qəzetinin
Baş redaktoru.



















