Aleksandr Mixayloviç Mişonun fəaliyyəti.

XIX əsrin sonunda Fransada yaranan dünya kinosu Azərbaycanda da gəlib çıxır. Beləliklə də, 1896-cı ilin II yarısından Bakıda fransız filmləri nümayiş etdirilir, hədiyyə mağazalarında sehirli fənərlər və gözəl şəkilləri olan stereoskoplar, optik mağazalarda ,auksionlarda Lümyer qardaşlarının kinoapparatları satışa qoyulur. Bakı elmi foto dərnəyinin katibi, bakılı fotoqraf Aleksandr Mixayloviç Mişonun küçəsində (indiki Əziz Əliyev küçəsi – A.K.) fotoatelyesi var idi. A.M. Mişon 1898-ci ilin mayından başlayaraq, Bakı həyatından bəhs edən bir neçə kinosüjet çəkir. O, “Şəhər bağında xalq gəzintisi”, “Qatarın dəmiryol stansiyasına daxil olması”, “Qafqaz və Merkuri” cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi”, “Bazar küçəsi sübhçağı” kinosüjetlərini ilk dəfə 1898-ci il iyunun 21-də Vasil-Vyatskinin teatr-sirkində sirk tamaşası ilə birgə seansda nümayiş etdirir. O vaxt “Kaspi” qəzeti bu hadisəni fövqəladə, maraqlı birgə seans adlandırmışdı. A.M.Mişonun təşkil etdiyi ilk kütləvi kino baxışı eksperiment xarakteri daşısa da uğurlu alındığına görə o, bundan həvəslənmiş və ikinci kino repertuarını heç biryardımçı proqram olmadan 1898-ci il avqustun 2-də həmin teatr-sirkdə göstərmişdir. Bu dəfə A.M.Mişon nümayiş üçün proqrama “Bibiheybətdə neft fontanı yangını”, “Əlahəzrət Buxara əmirinin “Velikiy knyaz Aleksey” paroxodunda yolasalma mərasimi”, “Qafqaz rəqsi”, “İlişdin” adlı yeni kinosüjetlər daxil etmişdi. İkinci proqram Fransada ilk dəfə göstərilən filmlərlə analoq olduğuna , burada neft mövzusu üstünlük təşkil etdiyinə, “İlişdin” adlı bədii kinosüjet daxil edildiyinə görə əsas göstərilmiş və Azərbaycan Respublikasının Prezidenti H. Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə 2 avqust kino işçilərinin peşə bayramı – Azərbaycan kinosu günü elan olunmuşdur.
“Kaspi” qəzetinin 10 oktyabr 1898-ci il tarixli nömrəsində dərc edilmiş elanda filmlərin nümayişi üçün istifadə olunan Lümyer qardaşlarının kinematoqrafı haqqında məlumat verilir. Bu məlumatda deyilir ki, fotoqraf A.M.Mişonun göstərdiyi kinoapparat Rusiayda yeganə aparatdir. Bu aparat hərəkət edən şəkillər çəkir və təsviri 5 sajen(rus uzunluq ölçüsü, üç arşına bərabərdir (2,13 m) – A.K) böyüklükdə səhnədə canlandırır. 1906-cı ildə Bakıda kinomexanik işləyən, sonralar Gürcü kinosunun əsasını qoyanlardan biri olan V.Amaşukeli o zamanlar əlinə kinokamera götürüb bu sahədə öz qüvvəsini sınamağa başlamış və 1907-ci ildə Bakı həyatından bəhs edən “Bakı bazarlarının tipləri”, “Daş kömür daşınması”, “Dəniz kənarında gəzinti”, “Neft buruqlarında iş”, “Neftin cıxarılması”, kinooperator M.qrossman isə 1908-ci ildə “Ağ və qara şəkər”, “Balaxanı”, “Nobelin zavodları” kinosüjetlərini lentə almışlar.
Emin Əlizadə