✍️Vəli Əliyev yazır... SƏDAQƏT VƏ CƏSARƏT — İNSANIN ƏSL DƏYƏRİ
Mənəvi dəyərlər
Bu gün, 21:34
50
Heydər Əliyevin -
“Həyatda insan hər şeyi öyrənir. İki keyfiyyətdən başqa: sədaqət və cəsarət. Bu keyfiyyətlər insanın qanında olur.” fikrindən çox dərin mənəvi nəticə çıxarmaq olar.
İnsan həyatda çox şeyi öyrənə bilər. Oxumağı, yazmağı, peşəni, sənəti, davranış qaydalarını, hətta insanlarla necə münasibət qurmağı belə zaman keçdikcə mənimsəyir. Həyat insana hər gün yeni bir dərs verir.
Amma elə keyfiyyətlər var ki, onları sadəcə öyrənməklə qazanmaq mümkün deyil. Sədaqət və cəsarət də belə xüsusiyyətlərdəndir.
Sədaqət insanın çətin gündə kim olduğunu göstərir. Yaxşı günlərdə hamı dost ola bilər. Hamı yanında ola bilər, hamı xoş söz deyə bilər. Əsl sədaqət isə insanın işi çətinləşəndə, qarşı tərəfdən heç bir mənfəət gözləmədən yanında dayanmaqdır.
Sədaqət yalnız dosta bağlılıq deyil. Bu, ailəyə, Vətənə, insanlığa, verilən sözə və mənəvi dəyərlərə bağlılıqdır. Sədaqətli insan küləyin istiqamətinə görə mövqeyini dəyişmir. O, qazancına görə deyil, vicdanına görə davranır.
Cəsarət də yalnız təhlükənin qarşısında dayanmaq deyil. Bəzən ən böyük cəsarət doğrunu söyləməkdir. Hamının susduğu yerdə haqqı müdafiə etmək, səhv etdikdə bunu etiraf etmək, haqsızlıq qarşısında susmamaq da cəsarətdir.
Həyatda elə insanlar var ki, çox danışırlar, amma çətin anda görünmürlər. Elələri də var ki, az danışır, lakin lazım olan anda bir addım qabağa çıxırlar. İnsan haqqında əsl təsəvvürü onun sözləri deyil, çətin vəziyyətdə etdiyi seçimlər yaradır.
Sədaqət insanın ürəyini, cəsarət isə xarakterini göstərir.
İnsanın ətrafında çox adam ola bilər. Amma zaman keçdikcə kimin həqiqətən dost, kimin isə sadəcə maraq naminə yanında olduğu üzə çıxır. Çünki həyat insanları sınaqdan keçirir. Zaman saxtalığı da, səmimiyyəti də üzə çıxaran ən böyük imtahandır.
Mənə görə, insanın zənginliyi yalnız sahib olduğu pulla, vəzifə ilə, ad-sanla ölçülməməlidir. Əsl zənginlik etibarlı insan olmaqdır. Sənə güvənən insanın etimadını doğrultmaq, verdiyin sözün arxasında dayanmaq, dar gündə dostunu tək qoymamaq — bunlar insanın mənəvi sərvətidir.
Bəzən bir insanın bütün həyatını bircə cümlə ifadə edir:
Söz verdinsə — əməl etməlisən.
Dost oldunsa — sədaqətli olmalısan.
Haqqı bildinsə — cəsarətlə haqqı müdafiə etməlisən.
Çünki insanın əsl qiyməti rahat günlərdə deyil, sınaq qarşısında necə davrandığında görünür.
Sədaqət və cəsarət insanın həyat yolunu işıqlandıran iki mənəvi dayağdır. Bu dəyərləri qoruyan insan həm öz vicdanı qarşısında, həm də cəmiyyət qarşısında daha möhkəm dayanır.
İnsanı insan edən nə bildiyi deyil,
bildikləri ilə necə yaşadığıdır.
Vəli Əliyev
Milli Mənəviyyat
müstəqil, beynəlxalq qəzetinin
Baş redaktoru.


















